“Şıxov çimərliyindən Qaradağa qədər dəniz hasarlanıb” – SÖKÜLSÜN! 

Prezident İlham Əliyev bu gün Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Görüş zamanı ölkə başçısı bir sıra əsas mövzulara toxunub. Dövlət rəhbəri qeyd edib ki, bəzi məmurların torpaqları qanunsuz şəkildə zəbt etməsi nəticəsində torpaq fondu azalmışdı:
“Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır”.

Dövlət başçısı qeyd edib ki, bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var:

“Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.

Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. 

Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır”.

Ölkə başçısının məmurların qanunsuz olaraq torpaqları mənimsəməsi ilə bağlı fikirlərinə münasibət bildirən  Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Sherg.az”a açıqlamasında bildirib ki, bu problemə görə məsuliyyət icra başçılarının üzərinə düşür:

“Azərbaycanda inzibati bölgü üzrə hər rayonun icra başçısı, qəsəbələrdə də icra nümayəndələri var. Bunların nəzarətindən kənar heç bir iş görmək mümkün deyil. Əgər nəsə tikmək istəsən, o saat peyda olurlar. Yəni deyilən faktların hər biri bilavasitə onların  iştirakı ilə baş verir. Tikinti ilə maraqlanan insanlar bilirlər ki, qanunda 10 metr yüksəkliyə qədər tikili tikməyin icazəsiz olduğu yazılıb.   Amma qanunun ikinci maddəsinə görə, həmin yerin layihəsi Memarlıq İdarəsi ilə razılaşdırılmalıdır. Onlar da rüşvət almasa, heç vaxt o layihəyə razılıq verməyəcəklər. Bu zaman birinci maddə itib gedir. Prezidentin dediyi faktlara görə birbaşa onun təyin etdiyi icra başçıları məsuliyyət daşıyır. Düzdür, bir neçə icra başçısı həbs olundu. 

Amma bununla da hər şeyin həll olunduğunu demək olmaz. Məsələn, Buzovnada zəbt olunan qayalıqlardakı villalar söküldü. Amma bu o demək deyil ki, bu kimi hallar yalnız  Buzovnada baş verir. Bu hər yerdə var. Bakının Şıxov çimərliyindən Qaradağ rayonuna qədər bütün dəniz hasarlanıb. Uzun illərdir, vətəndaşların dənizə çıxışı bağlanıb. Yəni, kapmaniya şəkilində bir qəsəbədə bunu etmək lazım deyil. Bununla problem həll olunmur. Bu məqsədyönlü bir iş olmaldır. Lakin əhalinin xahişi və ya tələbi ilə bir qəsəbədə  problemin həll olunması müsbət haldır”.

M.Zülfüqarlı düşünür ki, icra başçıları qanunlara riayət edərsə, belə hallar baş verməz: 

“İcra Hakimiyyəti strukturlarında da tez-tez belə islahatlar keçirilməlidir. Struktur da dəyişilməlidir. Köhnə maşına yeni sürücü qoymaqla maşın heç də hərəkət etməyəcək. Maşının özünü dəyişmək lazımdır. Hesab edirəm ki, Azərbaycanda güclü islahatlara ehtiyac var. Bundan sonra bu problemlər həllini tapa bilər”.