Ekspertdən ciddi siqnal- “Azərbaycan  antiterror əməliyyatı keçirmək məcburiyyətində..."

“Vaxtdır. Atlanın igidlər, vurun, əzin və gedə bildiyiniz qədər irəliləyin. Hamılıqla yanınızdayıq!”
Bunu hərbi eskpert Ədalət Verdiev öz feysbuk hesabında paylaşıb. Məlum fikirləri ilə ölkə ictimaiyyətinə ötürdüyü mesajın kodlarını açan ekspert “Sherg.az”a bildirib ki,  Ermənistan tərəfinin həm sərhəddə, həm də Qarabağın perimetrləri boyunca yerləşən Azərbaycan Ordusunun mövqelərinə qarşı 9 dəfə atəşkəsi pozması dövlətimizə düşmənə qarşı daha təsirli adekvat tədbirləri görməyə imkan verir:

“Bu prosesdə biz rus sülhməramlı kontingentinin yarıtmaz fəaliyyətini bir daha müşahidə edirik. Ermənistan və Rusiya tərəfi birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edirsə, Azərbaycan da üzərinə  götürdüyü öhdəliklərdən geri addım ataraq, 2020-ci ilin 9 noyabr tarixinə, yəni, Şuşa və onun ətrafındakı 71 kəndin azad etdiyi tarixə qayıda bilər. 

Məhz bu mənada Azərbayacan artıq düşmənin atəşkəsi pozan mövqelərini darmadağın etməli və həmin ərazilərdə Azərbaycan əsgərini və üçrəngli bayrağımızı yerləşdirməlidir. Bunun üçün artıq bizim əlimizdə bütün hüquqi əsaslar mövcuddur. Heç bir halda Azərbaycan onun ərazilərinə atəş açılmasını və əsgərimizin həyat və sağlamlığına real təhdid törədilməsinə biganə qala bilməz”.

Artıq düşmən tərəfini anladığı dildə başa salmağın vaxtının çatdığını vurğulayan ekspert onu da əlavə edib ki,  bunun üçün yetərli güc və potensiala sahibik: 

“Böyük ehtimalla Azərbaycan  antiterror, cəzalandırma, təmizləmə və ya necə adlandırarsaq, adlandıraq  hər hansı bir əməliyyatı həyata keçirmək məcburiyyətində qalıb. Biz müharibə istəmirdik. Amma Ermənistan tərəfi bunu israrla bizdən tələb edirsə, onlar buna nail olacaqlar. 

Bu əməliyyatların nəticəsi həm separatçı qrup, həm də Ermənistandakı hakim dairələr üçün çox ağırlı və acılı olacaq”.