Blinkenlə Əliyev danışdı! –“ Zəngəzur dəhlizini...”

Dünən Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezident.az-ın məlumatına görə, Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib.

Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirib. Dövlət başçısı bildirib ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.

Antoni Blinken, həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib.Söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olunub.

Görüşün detallarını “Sherg.az”a şərh edən siyasi şərhçi Turab Rzayev  bildirib ki, bu, Azərbaycan üçün çox əhəmiyyətlidir:

“Son dövrlər ABŞ və Azərbaycan rəhbərliyi arasında bu cür məktublaşmaların, telefon əlaqələrinin artdığını görürük. Halbuki, öncələr belə sıx əlaqələrin şahidi olmurduq. Bu dəfə əsasən iki məsələ ətrafında fikir mübadiləsi aparılıb. Birincisi, Qarabağ münaqişəsi və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasıdır. 

Əlbəttə ki, Vaşinqton da bölgədə sülh istəyir və Avropa İttifaqının bölgədə sülh yaratmaq missiyasını dəstəkləyir. Bu bizim kifayət qədər uğurlu addımdır. Çünki Aİ-nin indiyə qədər vasitəçilik etdiyi dörd Brüssel görüşünün hər biri bizim üçün uğurlu olub. Digər məsələ isə kommunikasiyaların açılması məsələdir. 

Azərbaycan bu fikrə qarşı deyil. Türkiyə ilə Ermənistan arasında kommunikasiyaların açılması üzrə danışıqlar gedir. Azərbaycan da bu kommunikasiyaları açmaq niyyətindədir. Amma burada bizə maraqlı olan məqam sözügedən kommunikasiyaların Zəngəzur dəhlizini əhatə edib-etməməsidir.  Bu dəhliz bizim üçün xüsusi əhəmiyyətə malikdir. Əlbəttə ki, burada da Qərbin dəstək verməsi bizim üçün uğurlu olardı.

Müzakirə olunan ikinci məqam isə enerji məsələsidir. Növbəti beş il ərzində Avropa ölkələri Rusiyadan neft və qazın idxalını dayandırmaq istəyirlər. Aydındır ki, belə olan halda Azərbaycan növbəti illər ərzində qaz ixracını Avropaya iki dəfədən çox artırmağı planlayır. 

Həmçinin Avropa ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq mövcud olacaq. Eyni zamanda Azərbaycan tranzit ölkə kimi Türkmənistan və İran qazını,  Türkmənistan, İran və Qazaxıstan neftini öz üzərindən Qərbə ötürə bilər. Bu da Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin  artmasına gətirib çıxaracaq”.