İsrailin müdafiə nazirini Azərbaycana gətirən AMİLLƏR...! - AKTUAL ŞƏRH

“Bu tərəfdaşlıq hər iki tərəf , xüsusi ilə də Azərbaycan üçün çox önəmlidir”

“Həmçinin İrana qarşı apardığı mübarizədə İsrail məcburdur ki, onunla qonşu olan ölkələrlə əlaqələri yaxşı saxlasın”

“Bu ölkələr arasında da Azərbaycan olduqca önəmlidir”

Oktyabrın 3-də İsrailin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər edib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla keçirilən görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Z.Həsənov hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. B.Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Azərbaycanın İsraillə hərbi müstəvidəki əmədaşlığını “Sherg.az”a dəyərləndirib. Onun sözlərinə görə bu tərəfdaşlıq hər iki tərəf , xüsusi ilə də Azərbaycan üçün çox önəmlidir:
 
“Bilirik ki, İsrail hərbi sənayesi dünyanın ən inkişaf etmiş və öndə gedən hərbi sənayelərindən biridir. Azərbaycan hazırda elə geosiyasi vəziyyətdədir ki, istənilən zaman sərhədlərində münaqişə yaraşana bilər. Eyni zamanda özü də birbaşa münaqişəyə cəlb oluna bilər. Bu münaqişələr təkcə Ermənistan-Azərbaycan arasında olan müharibə riskləri ilə yekunlaşmır. Daha böyük risklər də var ki, Azərbaycan onlara qarşı hər zaman güclü bir ordunu hazır vəziyyətdə saxlamağa məcburdur. 

Təbii ki, müasir zamanımızda güclü orduya sahib olmaq həm də güclü texnikalara, müasir silahlara sahib olmaqdır. Özün istehsal etməsən belə ,digər ölkələrin istehsal etdiyi ən son avadanlıqları öz ordu təchizatına qatmalısan. 

Bu xüsusda İsrailin hərbi sənayesi  bizim üçün çox gözəl örnəkdir. Bunu İkinci  Qarabağ müharibəsində də gördük. Onun istər pilotsuz uçuş vasitələri, istərsə uzaqmənzilli raketlər, istərsə də havadan müdafiə sistemləri unikaldır. 

Ümumiyyətlə , İsrail hərbi sənayesi dünyanın ən yaxşılarındandır. Azərbaycan da ən yaxşını əldə etməyə çalışır”. 

H.Səhrablı vurğulayıb ki, rəsmi Qüds hazırda bir sıra ölkələrlə geopolitik münaqişələr içərisindədir və bu məqamda Azərbaycanla əlaqələr onun üçün vacibdir: 

“Məsəl üçün İrana qarşı apardığı mübarizədə İsrail məcburdur ki, onunla qonşu olan ölkələrlə əlaqələri yaxşı saxlasın. Bu ölkələr arasında da Azərbaycan olduqca önəmlidir. Üstəlik, Azərbaycanın çox böyük iqtisadi potensialı və onun enerji mənbələri artıq Avropa bazarında hədsiz dərəcədə əvəzedilməz bir mənbəyə çevrilib.

 İsrail bunun da fərqindədir. Məlumdur ki, ölkələr sahib olduqları ən müasir hərbi silahları heç vaxt geopolitik mübahisədə olduqları, risk gördükləri ölkələrə satmırlar. İsrail Azərbaycanla maraqlarının heç vaxt üst-üstə düşməyəcəyini və hər zaman ikili münasibətlər tendensiyası ilə davam edə biləcəyini də anlayır. 

Amma regionda Azərbaycandan  başqa etibarlı tərəfdaş olmadığını ağlında saxlayır, ona görə hərəkət edir. Digər tərəfdən, Azərbaycan İsrail silah bazarının ən yaxşı alıcılarındandır. Bu da İsrailə milyardlarla gəlir gətirir”.