“Qarabağ atlarının vətəni yenidən bərpa olunacaq”


“Bütün bu proseslər isə onu göstərir ki, Qarabağda aparılan quruculuq işlərinin çoxu məhz Ağdama fokuslanıb” 

“Ağdamda bütün Qarabağ üçün önəmli olan tarixi mədəni abidələr o qədər çox idi ki, onların yenidən bərpası da böyük vəsait tələb edəcək”


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər. Dövlət başçısı Ağdamda başlayan ilk Milli Şəhərsalma Forumunda çıxış edib.  Ölkə rəhbəri çıxışında bir sıra məsələlərə toxunub.  Ali Baş Komandan Ağdamın Qarabağın ən böyük şəhəri olduğunu və onun məhz Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal illərində dağıdıldığını, tikililərin daşlarının oğurlandığını və satıldığını vurğulayıb:

 “Cümə məscidində ermənilər donuz, inək saxlayırdılar. Ağdamda gördüklərinizi Qarabağ regionunun hər bir şəhərində görmək olar. Bizim işğaldan azad etdiyimiz torpaqlarda mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb". Prezident Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində  bir milyondan çox mina basdırdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan həmin minalara görə məcburi köçkünlərin öz evlərinə qayıtması problemi ilə üzləşib : "Müharibə bitəndən indiyədək mina partlayışları nəticəsində 250-dən çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır”.  Ölkə rəhbəri Füzuli, Cəbrayıl, Qubadlı şəhərlərinin də tamamilə dağıdıldığını deyib: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edənlər erməni barbarlığının və vandalizminin miqyasından heyrətə gəlirlər”. 
Prezident insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, bizim Ermənistana sülh təklif etdiyimiz də bəyan edib. Bildirib ki, sülh sazişi beynəlxalq hüququn beş prinsipinə əsaslanmalı, bu prinsiplərə ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi, sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir.

 “Ulduz” jurnalının baş redaktoru, şair, əməkdar jurnalist Qulu Ağsəs Prezident və birinci xanımın Ağdam səfərindən “Sherg.az”a danışarkən bildirib ki, hazırda Ağdamda görülən quruculuq işləri digər işğaldan azad olunmuş rayonlarımızda aparılacaq bərpa işlərinin anonsudur: 

“ Hələ də Şuşadan gələn hansısa telefon zəngi, Ağdamdan çəkilən selfilər , işğaldan azad edilən ərazilərimizə edilən səfərlər bizə yuxu kimi görünür. 

Ağdam isə Qarabağın bünövrəsidir. Bu rayon Qarabağın əhalisinə görə birinci, ərazisinə görə isə ikinci böyük bölgəsi olub. 
Burda aparılan yenidənqurma işləri olduqca əhəmiyyətlidir. Orda təkcə yaşayış məskənlərinə zərər dəyməyib. Adicə Ağdam çörək zavodunun bərpası belə asan başa gələn bir məsələ deyil. Hələ məscidlərə dəymiş zərəri demirəm. Təkcə bir məscid yoxdur ki, orda onlarla məscidimiz var. 
Ağdamdakı Şahbulaq qalası da düşməndən ciddi zərər görüb. Bu rayonda Qarabağın ən böyük dram teatrı var idi. Ağdamda bütün Qarabağ üçün önəmli olan tarixi mədəni abidələr o qədər çox idi ki, onların yenidən bərpası da böyük vəsait tələb edəcək. Bu abidələrin bərpası bizim üçün vacibdir.  Çünki hər biri  müqəddəsdir. 

Üstəlik,  artıq Avropada sözünü demiş “Qarabağ” kimi bir klubun vətənidir Ağdam. Elə burdaca klubun adına Avropa standartlarına uyğun,  böyük  maddi- texniki bazası olan stadion hazırlanmalıdır”.

Ağdam və musiqi sözləri sinonim olduğunu deyən Q.Ağsəs bildirib ki, irəliləyən illərdə burda muğam mərkəzi yaradılacaq:

“Atçılıq zavodunun təzədən təməli qoyulacaq. Qarabağ atlarının vətəni yenidən bərpa olunacaq. Bütün bu proseslər isə onu göstərir ki, Qarabağda aparılan quruculuq işlərinin çoxu məhz Ağdama fokuslanıb. 

Məlum məsələdir, ölkəmiz burdakı quruculuq, bərpa işlərinə yüksək miqdarda vəsait ayıracaq. Amma bunu biz etməli deyilik. Ermənistan tərəfi bizim ərazilərimizə vurduğu maddi ziyanı ödəməlidir. Təbii ki, dünyada az da olsa, ədalət varsa, belə olacaq. 

Lakin otuz il ədalətin nə olduğunu dərk etməyən dünyadan bunu gözləmək də bir az absurddur. Hər halda  dövlətimiz öz gücünə  Ağdamda apardığı quruculuq  işlərini  Laçında, Kəlbəcərdə, Şuşada inşallah Xankəndində , Xocalıda davam etdirəcək. Yenə də tək ümid özümüzə qalır”.