Zaxarovanın bəyanatının tərcüməsi:“Rusiya prosesə müdaxilə etməyə çalışır”



Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova oktyabrın 6-da brifinq keçirib. O, brifində  rəsmi Moskvanın sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verdiyini bəya edib. Eyni zamanda Rusiyanın tərəflər arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım etdiyini diqqətə çatdırıb: “ XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Xüsusilə sentyabrda belə səfərlər olub”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev M.Zaxarovanın açıqlaması ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, indi  rəsmi Moskva bölgədən çəkilmək məcburiyyətində olduğundan belə danışır:

 “Görür ki, Ermənistan və Azərbaycan aralarında münasibətləri qaydaya salır və Avropa İttifaqı, o cümlədən digər ölkələr də bu məsələdə səylərini ortaya qoyublar. Rusiya daim münaqişələrin olmasında maraqlıdır. O , daha öncələrdə də süni şəkildə postsovet məkanında münaqişələr yaradıb və bunun vasitəsilə ilə həmin bölgələrdə qalmağa çalışıb. Təəssüflər olsun ki, Rusiya rəhbərliyi hadisələrə yeni yanaşma ilə baxmır. Dünya dəyişir. İndi böyük dövlətlər daha çox öz iqtisadiyyatı ilə bir bölgəni tutub orda qalırlar. Amma rəsmi Moskvanın təfəkküründə heç cür dəyişiklik olmur.  Bu günə qədər Azərbaycan-Ermənistan arasında dəfələrlə görüşlər olub. Hətta tərəflərin xarici işlər nazirləri görüşəndə  Ruisyanın XİN başçısı zorla ortaya girib şəkil də çəkdirib. 

Bununla nə demək istədiyi aydın sezilir. Bir sıra məqamlarda Rusiya özünü lap dörd təkərli arabanın beşinci təkəri kimi aparır. İki ölkə arasında olan məsələlərə digərlərin qarışması düzgün deyil. Onların hansısa təklif verməsi, müdaxilə etməsi də artıqdır. Amma biz yenə də böyük oyunçuların bu məsələdə kənarda qalmaq istəməməsini anlayışla qarşılayırıq. Onlar da bundan istifadə edib heç cür aradan çəkilmək istəmirlər”. 

F.Quliyevin sözlərinə görə, Rusiya Azərbaycanın əvvəl axır öz qarşısına qoyduğu strateji yol xəritəsi ilə hərəkət edəcəyini, yekun sülhün bağlanmasına da nail olacağını bilir. Buna görə də özünün varlığını hər dəfə xatırladır ki, güya bunun da "şorbada duzu olub": 

“Məncə, hətta imkanı olsa, o, bizə mane olar. Bu imkan olmadığı üçün də öz imicini qorumaq üçün prosesə müdaxilə etməyə çalışır. Əgər bizə mane olmayacaqlarsa, biz də hər dəfəsində rəsmi Moskvanın bu cür quru bəyanatlarını göz ardı edib, sülhə doğru gedən yolda öz işlərimizi görə bilərik”.