Əliyev və Blinken telefonla danışdılar! – “ABŞ yekun sülh üçün vasitəçi olmaq...”

Oktyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.Telefon söhbəti zamanı A.Blinken son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib. Ölkə başçımız və ABŞ dövlət katibi Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıblar. A.Blinken ABŞ-ın sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, həmçinin digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazır olduğunu bildirib. Dövlətimizin başçısı, həmçinin Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.  

Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl məlum telefon danışığını “Sherg.az”a şərh edərkən bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında qalıcı sülhün imzalanması çox vacib məsələdir:

 “Xüsusilə də delimitasiya məsələsi, nəqliyyatın açılması, İkinci Qarabağ savaşında itkin düşmüş şəxslərin taleyinin müəyyənləşməsi Azərbaycan üçün önəmlidir. Burda humanitar məsələləri də vurğulamaq lazımdır. Amerikanın belə məsələlərdə dəstək vermək istəyi olduqca təqdirəlayiqdir. Əlbəttə ki, bu müsbət qarşılanmalıdır. Məncə, indi sülhün bərqərar olması üçün istənilən ölkə tərəfindən verilən dəstək önəmlidir. Amma biz görürük ki, əksər vaxt bu dəstəklər sadəcə kağız üzərində və ya sözdə qalır”. 

Professorun sözlərinə görə, yekun sülhün imzalanması üçün Azərbaycandan ziyadə Ermənistan siyasi iradə göstərməldir:
 
“Çünki rəsmi Bakı onsuzda öz ərazi bütövlüyünü təmin etmiş, qələbə qazanmış bir tərəf olaraq buna hazırdır. Ermənistanın bunu qəbul etməsi normal ikili münasibətlərin qurulması üçün mühümdür. Lakin biz son zamanlar rəsmi İrəvanın prosesi daha da uzatmaq istədiyini, sülhün mahiyyətini dəyişdirmək istədiyini görürük. ABŞ da bunu görür və özü məsələnin sülhlə yükunlaşaması üçün vasitəçi olmaq istəyir”.