ABŞ-ın ATƏT-dəki nümayəndəliyi: "İran hakimiyyəti Azərbaycan səfirliyinə hücumu araşdırmalıdır"


“Biz İran hakimiyyətini Azərbaycan səfirliyinə hücuma görə araşdırma aparmağa və hücuma görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırırıq”

“Report” xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Maykl Karpenter ATƏT Daimi Şurasının iclasında deyib.

O, həmin hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə başsağlığı verib:

“Azərbaycanın bir sıra digər ölkələrdəki nümayəndəlikləri də son aylarda təhlükəsizlik problemləri ilə üzləşib. Biz bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini dəstəklədiyimizi bir daha bildiririk. Biz İran hökumətinə Vyana Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”.

Diplomat bildirib ki, ABŞ zorakılığın istənilən formasını pisləyir:

“Biz xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə sadiqik”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.