Təmirin üç il uzanması bəhanədir

Gəncəyə işləyirsə, digər rayonlara da qatar reyslərini açmaq olardı

Ümid edirəm ki, Rövşən Rüstəmov bu problemin həllinə ciddi diqqət ayıracaq və məsələ yaxın günlərdə öz həllini tapacaq

  Qarşıdan Novruz bayramı gəlir. Hər il bayram ərəfəsi rayonlara sərnişin axını artdığından Bakı Beynəlxalq Avtovağzal Kompleksində izdiham yaşanır. Sərnişinlər avtobusa bilet tapa bilmədiklərindən taksilərin xidmətindən yararlanmaq məcburiyyətində qalırlar. Taksilər isə həmin ərəfədə qiyməti ikiqat bahalaşdırırlar. Qeyd edək ki, sərnişin qatarlarının ölkədaxili hərəkəti artıq üç ildir ki, məhdudlaşdırılıb. Hazırda sadəcə Bakı-Gəncə-Bakı reysi işləkdir. Vətəndaşlar rayonlara sərnişin qatarlarının olmamasından şikayətçidirlər.

  Onlar qatarla yol getməyin daha təhlükəsiz və rahat olduğunu düşünürlər. Bu səbəbdən də reyslərin tez bir zamanda bərpa olunmasını istəyirlər. Ölkədaxili qatarların işləməməsi sərnişinlər üçün həm də maddi baxımdan problem yaradır. 
  Ekspertlər isə hesab edir ki, rayonlara dəmiryolu ilə sərnişindaşımanın bərpa olunmamasının səbəbi pandemiya ilə bağlı deyil. Əks halda Gəncəyə qatarla sərnişindaşıma bərpa olunmazdı. Mütəxəssislər təmirin 3 il davam etməsini də inandırıcı saymır.
  Bu qədər narazılıq fonunda, görəsən, dəmiryolu ilə bölgələrə sərnişindaşıma niyə bərpa olunmur?
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, hazırda ölkədə dəmiryol nəqliyyatı infrastrukturunda əsaslı təmir işləri aparılır. Bir sıra istiqamətlərdə sabit cərəyandan, dəyişən cərəyan sisteminə keçid üzrə işlər görülür, elektrik xətləri, işarəvermə və rabitə sistemləri, o cümlədən stansiyalardakı inzibati binalar təmir edilir. Kompleks tədbirlər planı tamamlandıqca, ölkədaxili sərnişin daşımalarının bərpası növbəli şəkildə gündəmə gələcək.

  Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə hesab edir ki, bu məsələ ilə bağlı birbaşa  “Azərbaycan Dəmir Yolları” QSC məsuliyyət daşıyır.
Təmir işlərinə görə bütün reyslər bağlanmaqdansa, işlər hissə-hissə aparılmalı idi: “Təmir deyə bilərlər, amma bu qədər müddət təmir ola bilməz. Bu məsələnin 3 il uzunması kifayət qədər narahatlıq doğurur. Bilirsiniz ki, bir neçə ay əvvəl ADY-nin rəhbərliyi dəyişdi. Ümid edirəm ki, Rövşən Rüstəmov bu problemin həllinə ciddi diqqət ayıracaq və məsələ yaxın günlərdə öz həllini tapacaq”. 
İlkin dövrdə dəmiryolunda gediş-gəlişin pandemiyaya görə dayandırıldığını xatırladan F.Eyyubov deyib ki, xüsusi karantin rejimi yumşaldılandan sonra bir çox yer açılıb və digər nəqliyyat növləri işləyir. Gəncəyə gedən sürət qatarı bərpa olunubsa, demək ki, digər rayonlara gedən qatar  reyslərini də açmaq olardı.