Tiktok gənclərə yaxşı örnək deyil


Bu platforma bağlansa cəmiyyət bundan heç nə itirməyəcək

  18 yaşından kiçik olan şəxslər üçün sosial şəbəkədən istifadə müddəti gündə 60 dəqiqə ilə məhdudlaşdırılacaq. Bundan əlavə, sosial şəbəkə valideynlərə uşaqları üçün qrafik təyin etməyə imkan verəcək və tiktoka sərf etdikləri vaxt haqqında həftəlik hesabatlar göndərəcək.
  Qeyd edək ki, ABŞ-nin dövlət qurumları tiktoku korporativ cihazlardan siləcək. Belə ki, ABŞ Senatı dövlət qurumlarına məxsus cihazlarda tiktokun qadağan edilməsinə səs verib. Eyni zamanda Avropa Komissiyası işçilərə rəsmi smartfonlarda tiktokdan istifadəni qadağan edib.

Görünən odur ki, sözügedən platformanın ABŞ üçün təhlükəsi nəzərə alınaraq dövlət tərəfindən belə bir addım atılıb. Bu məsələ Azərbaycanda tiktokun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı məsələni yenidən gündəmə gətirib. Belə ki, son  zamanlar tiktok sosial platformasının bağlanılması haqqında fikirlər səsləndirilir. Buna səbəb kimi isə orada qeyri-etik və mənasız kontentin yayılması göstərilir.
  İKT üzrə ekspert Orxan Rzayevin sözlərinə görə, Azərbaycanda tiktok şəbəkəsinin fəaliyyəti qənaətbəxş deyil və bu platformadan heç də yaxşı məqsədlər üçün istifadə olunmur: “Tiktok gənclərə yaxşı örnək deyil və insanlar burada boş vaxt itirirlər. Hətta tiktokerlərin “fəaliyyəti”nə görə hüquq-mühafizə orqanlarına çağırıldıqlarını və həbs olunduqlarını müşahidə edirik. Şəxsən mən də bu platformanın fəaliyyətini müsbət qiymətləndirmirəm və bağlanmasını mümkün hesab edirəm. Cəmiyyət olaraq bundan heç nə itirməyəcəyik”.
  ABŞ-nin dövlət qurumlarının tiktoku korporativ cihazlardan silməsinə gəldikdə isə ekspert deyib ki, ABŞ və Çin rəqib olduğundan Birləşmiş Ştatlar təhlükəsizlik tədbirlərini gücləndirmək və informasiya sızmasının, eləcə də kəşfiyyat xarakterli məlumatların yayılmasının qarşısını almaq məqsədilə tiktokun fəaliyyətini məhdudlaşdırmaq istəyir.

  “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı da “Şərq”ə açıqlamasında tiktokun bağlanmasının tərəfdarı olduğunu deyib. 

  Onun sözlərinə görə, təkcə tiktok yox, hətta instaqramın da fəaliyyətini  məhdudlaşdırmaq lazımdır: “Tiktok və instaqram insanların beyninin “yuyulması”, dəyərlərin məhv olmasına səbəb olur. Xalqımızın son 30 ildə aparılan qlobal psixotron terrordan salamat qalan mənəvi dəyərləri də bu şəbəkələrdə məhv edilir, gənc nəsil avara, əyləncə və bambılılıq üzrə ümummilli çempionat iştirakçısı kimi yaşayan amorf məxluqlara çevrilir. Ümumiyyətlə, bütün sosial şəbəkələr saxta və zərərli məlumat yığınıdır. Dəyərlərimizi məhv edən təbliğat meydanıdır. Zərəri faydasından min dəfə çoxdur. İstənilən vaxt bir ölkədə təxribatlar və vətəndaş müharibələri törətmək gücündədirlər. Qlobal şəbəkələrin açarı bizim əlimizdə deyil. Bu mərkəzlər istədikləri informasiyanın sürətlə yayılmasını təmin edir, özlərinə sərf etməyən məlumatların isə bloklanmasını təmin edirlər”. 
  E.Bayramlı Azərbaycanda bütün sosial şəbəkələrin bağlanması və milli platformanın yaradılması təklifi ilə çıxış edib: “Əks halda olan-qalan dəyərlərimiz də məhv olub gedəcək, ortalıq saxta xəbər, dezinformasiya, təxribat xarakterli materiallarla dolacaq. Gənc nəsil də zombi kimi yetişəcək. Bunun qarşısı alınmalıdır”.
Psixoloq Orxan Oruc isə deyib ki, tiktok kimi sosial şəbəkələr vasitəsilə insanlar çox zəif bacarıqları ilə qısa zamanda məşhurlaşa bildilər. Xüsusilə də bəzi insanlarda daxildən özünü sübutetmə, digərlərinə özünü təsdiqetmə instinkti var. Həmin hissin tələblərinə uyğun gələn ehtiyacların qarşılanmasına tiktok kimi sosial şəbəkələr kömək edir. Bu baxımdan deyə bilərik ki, tiktok bayağı, ümumi intellekt səviyyəsi aşağı olan şəxslərə video çəkməklə məşhurlaşmaq üçün imkan yaratdı, bunun tez bir zamanda kütləviləşməsi və insanlar tərəfindən istifadə olunmasına səbəb oldu. Onun sözlərinə görə,  sözügedən sosial şəbəkənin mənfi tərəfləri olduğu kimi, müsbət cəhətləri də var: “Sosial şəbəkənin bağlanması ilə bağlı qərar ölkələrin siyasətindən asılıdır. Ola bilər ABŞ hesab edir ki, hansısa sosial şəbəkənin zərəri faydasından daha azdır. Bu baxımdan sözsüz ki, düzgün, yaxud səhv qərar olmasını demək çətindir. Tiktok sayəsində bəzi istedadlı insanlar var idi ki, onların potensiallarının aşkarlanması, insanlar tərəfindən rəğbət qazanmasına səbəb oldu. Bu baxımdan faydaları da olur”.