İran gəncləri zəhərləyir

Tural İrfan: “Bu hadisə də birbaşa rejimdaxili mənbənin işidir”

“İranın idarəetmə sisteminin mürəkkəbliyi və rəhbərliyin daxilində ziddiyyətlərin olması istənilən qeyri-adi halın hər an baş verməsini istisna etmir”


  İranda zəhərlənən qız tələbələrin sayı artır. İranın 6 vilayətində minlərlə qız şagirdin zəhərləndiyi bildirilib. Zəhərlənmə halları Şimali Xorasan, Fars, Rəzəvi Xorasan, İsfahan, İlam və Xuzistan əyalətlərində baş verib. Fars əyalətinin Şiraz və Sərvistan şəhərlərində də onlarla şagird oxşar simptomlarla xəstəxanaya yerləşdirilib. İlam əyalətinin Eyvan, İsfahan vilayətinin Kaşan, Rəzəvi Xorasan əyalətinin Məşhəd, Xuzistan əyalətinin Əhvaz şəhərlərində də onlarla tələbə oxşar şikayətlərlə xəstəxanalara yerləşdirilib. “Şərq” “ntv.com.tr”yə istinadən bildirir ki, 3 aydan artıq müddətdə 52 məktəbdən 2000-dən çox şagirdin zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirildiyi qeydə alınıb. 

İranda zəhərlənmə halları noyabr ayından müşahidə olunmağa başlayıb. Məktəblilərin ürəkbulanma, halsızlıq, başgicəllənmə kimi şikayətləri olub. Bəzi tələbələrin müalicəsi hələ də davam edir. 
  Valideynlərin iddiasına görə,  hədəf birbaşa qız uşaqlarıdır. 

Prezident İbrahim Rəisi baş verənləri “düşmənin xalq arasında qorxu və ümidsizlik yaratmaq planı” kimi qiymətləndirib. Rəisi martın 1-dən qeydə alınan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanı daxili işlər naziri Əhməd Vahidi və kəşfiyyat naziri İsmayıl Hatib və səhiyyə naziri Behram Aynullahiyə həvalə edib.

İranın təhsil nazirinin müavini də zəhərlənmə hallarının qəsdən törədildiyini bəyan edib: “Bəziləri qızların təhsil aldığı məktəblərin bağlanmasını istəyir”.

  Rejim əleyhdarlarının fikrincə, bu hadisələr ötən ilin sentyabrında başlayan Mahsa Əmini etirazlarının qisasıdır. Onun arxasında İran administrasiyası daxilində radikal qruplar dayanır. 22 yaşlı Mahsa Amini ötən ilin sentyabrında həbsdə vəfat edib. Bundan sonra ölkədə hökumət əleyhinə etirazlar başlayıb. Yüzlərlə insan öldü.

  Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan “Şərq”ə açıqlamasında deyib ki, qızların kütləvi zəhərlənməsi baş verən etiraz aksiyalarının, əhali üsyanının qarşısını almaq, xalqın gözünü qorxutmaq ümidi ilə ola bilər. Yəni İran hakimiyyəti lazım gələrsə, öz xalqını məhv etməyə də hazır olduğunu əyani şəkildə nümayiş etdirir:

“İranın idarəetmə sisteminin mürəkkəbliyi və rəhbərliyin daxilində ziddiyyətlərin olması istənilən qeyri-adi halın hər an baş verməsini istisna etmir.
  Hakimiyyətin daxilində bir neçə qruplar var ki, daha radikal və mühafizəkar mövqe tuturlar. Hətta hakimiyyətin islahat meyillərinə belə açıq qarşı çıxırlar. İç-içə, bəzən də bir - birinə tabe olmayan strukturlar hətta təxribata da yol verirlər.
Ona görə qadınların təhsil almasına qarşı olan qrupların bu kimi təxribatlara şərait yaratması mümkündür. Azərbaycanın İrandakı səfirliyinə qarşı baş verən terror aktı da onu göstərir ki, bu kimi hadisələr hökumətdaxili mənbələr tərəfindən idarə olunur”.

  T.İrfan hesab edir ki, bəziləri qız uşaqlarına qarşı kütləvi zəhərləmə qəsdinin  xarici güclərin əlaltıları tərəfindən törətdiyini ehtimal etsə də, rejimin son dönəmdə yol verdiyi edamlar, məhkəməsiz cəzalar, terror hadisələri sübut edir ki, bu hadisə də birbaşa rejimdaxili mənbənin işidir: 

“Ordu və polis, təhlükəsizlik sistemində çoxşaxəli, mürəkkəb bir sistemə sahib olan İran idarəetməsində hansısa qrupun digərinə qarşı təzyiq vasitəsi də ola bilər. Çünki bu olay hakimiyyətin ömrünü qısaldan proseslərdəndir. Qızların guya təhsil alaraq ayıldığını, haqlarını müdafiə etməyə meyillərini məhdudlaşdırmağı düşünən rejim qızların zəhərlənməsi ilə qadınları təhsildən diksindirir. Hər bir halda, bu hadisədə məsuliyyəti yenə də İran rejimi daşıyır. Çünki Məhsa Əminin qətli İranda qadın faktorunun çox güclü təsirə malik olduğunu bir daha sübut etdi. Odur ki, onlar qadınları sındırmaq, qorxutmaq, hüquqlarını daha da məhdudlaşdırmaq istəyirlər. Sadəcə, ənənəvi olaraq sivil, mədəni yolu deyil, terror və güc yolunu seçiblər”.