Məişət zorakılığı ilə mübarizədə kişilərdən ibarət dəstək qrupları yaradılır  

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 

Mehriban Zeynalova: “Zorakılıq törədənlərlə işləyən kadr potensialını artırmağa ehtiyac var”

Ailə dəyərlərinin qorunmasını prioritet hesab edən Azərbaycan dövləti bu sahəyə diqqətin artırılması, mövcud problemlərin həllinin sürətlənməsi məqsədilə rəsmi qurumlarla yanaşı, qeyri-hökumət təşkilatlarının da aktiv fəaliyyətinin təmin edilməsində maraqlıdır. Bu mövzuda təklif olunan layihələrə müsbət yanaşılması və dəstək göstərilməsi tendensiyası davam etdirilir.  "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin  “Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün profilaktik tədbirlərin gücləndirilməsi” layihəsi də bu qəbildəndir.

 Qeyd edək ki, layihə həmçinin, Çex Respublikası Xarici İşlər Nazirliyinin keçid təşviqi proqramı çərçivəsində icra olunur. Bu günlərdə layihənin ilk 4 aylıq hesabatı təqdim olunub. 

 Bu barədə “Sherg.az”a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, layihə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.bəndinin 12.2.2. yarımbəndinə “Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin öyrənilməsi” və 12.3. Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq bəndinin 12.3.1, 12.3.3 yarımbəndlərinə dəstək olaraq həyata keçirilir. Layihənin hədəf qrupu kişilərdir. Əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olan layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş “Labirintdən çıxış 2- Kişilər zorakılığa qarşı!” layihəsinin davamıdır. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş “Labirintdən çıxış 2:Kişilər zorakılığa qarşı!” layihəsinin davamı olan layihənin əsas hədəfləri kişilər tərəfindən məişət zorakılığının baş verməsinin əsas səbəblərinə dair tədqiqatın aparılması, onlayn tədqiqat, Saatlı, Sabirabad, Şirvan, Kürdəmir, İmişli rayonlarının hər birində 7-10 nəfərlə 5 foks qrupu ilə görüş olub. 

10 nəfər kişi 3 günlük Təlimçilərin Təlim (TOT) proqramı üzrə hazırlanıb və daha sonra hazılanmış təlimçilər Saatlı, Sabirabad, Şirvan, Kürdəmir, İmişli rayonlarının hər birində 15 nəfər kişi üçün təlim keçiblər. Ümumilikdə bütün rayonlar üzrə 75 kişi üçün təlimlər keçirilib. Təlimlərin keçirilməsi üçün yer, yerli icra orqanlarının dəstəyi ilə təmin olunub.  Rayonlarda həyata keçiriləcək təlimlərlə bağlı yerli icra hakimiyyətləri məlumatlandırılıb, onlar tərəfindən layihənin icrasına dəstəyin göstərilməsi ilə bağlı təminat verilib. Məişət zorakılığı ilə mübarizə üzrə təlim keçmiş kişilərdən ibarət dəstək qruplarının yaradılması da layihəyə daxildir. Təlimə cəlb olunmuş kişilərin iştirakı ilə bu regionlarda gender əsaslı zorakılıqla bağlı yardım qrupları da yaradılacaq.  Layihə çərçivəsində “Təmiz Dünya” İctimai Birliyinin ofisində 12 nəfərdən ibarət qrup təlimçi üçün təlim başa çatdırılıb. Təlimdə Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik iştirak edib. Təlimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisi Tural Hüseynzadə və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri aparıb. Bundan başqa, kişilər arasında məişət zorakılığının baş verməsinin əsas səbəblərinin araşdırılmasına dair 200 nəfər kişi arasında onlayn tədqiqat yekunlaşıb.

 Tədqiqatın ikinci mərhələsi üzrə iş-foks qrupları ilə görüş, təlim keçiriləcək rayonlarda davam etdiriləcək. Layihə çərçivəsində  4 ay ərzində bir sıra digər fəaliyyətlər həyata keçirilib. Layihə ilə bağlı ictimaiyyət mütəmadi məlumatlandırılıb. Gender əsaslı zorakılıq və gender bərabərliyinin təmini mövsuzunda 37 səhifədən ibarət 3 günü əhatə edən təlim modulu hazırlanıb. Layihənin əhəmiyyəti və onların məişət zorakılığı ilə mübarizədə töhfəsi müzakirə edilib.

  M.Zeynalova qeyd etdi ki, cinsindən asılı olmayaraq zorakılıq tətbiq edənlərlə fəaliyyətləri gücləndirmək lazımdır:

- Abyuzerləri, narsizləri vaxtında müəyyən etmək, onlarla davamlı iş görmək lazımdır. Həbs məsələni kökündən həll etmir. Həbsdən sonrakı mərhələdə də zorakılıq davam edir çox halda. Hətta həbsdə ola-ola hədələr, təhdidlər davam edə bilir. Sığınacaqlar, mərkəzlər yaxşı modeldir. Lakin kişilər və elə zorakılıq törədən qadınlar üçün də proqramları tezləşdirməyə ehtiyac var. Bildiyimə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi model olaraq belə proqramlardan birini Bakı rayonlarının birində başlayır. Aprobasiya keçdikdən sonra genişlənməsi nəzərdə tutulur. Donor təşkilatlar da bu mövzuya diqqət etməlidir. Zorakılıq törədənlərlə işləyən kadr potensialını artırmağa da ehtiyac var. Məişət zorakılığı ilə bağlı başqa bir layihə də olub - “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” . Müsbət olan budur ki, layihə çərçivəsində bu sahədə işin davam etdirilməsi üçün Azərbaycanın dövlət qurumları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq gücləndirilir. 
  
Ailələrdə zorakılığın yaranma səbəblərindən danışan M.Zeynalova bildirdi ki, bəzi ailələrdə çatışmayan məhz xoş dil, xoş münasibətin olmamasıdır. Öz doğmalarına can deyə bilməyənlərin, bəzən yad adamlara, maddi rifahı üçün can deməyə vadar olması, insanın özünün özünə dəyərini itirir: 

- Zorakılığı dayandırmaq üçün doğru çalışma yollarını müəyyən etmək lazımdır. Niyə qadınlar şiddətə məruz qalırlar? Təbii ki, mentallıq, sosial-psixoloji mühit əksər vaxt zorakılığa birbaşa “imkan”lar yaradır. Bu “imkanlar”ın dəqiq diaqnostikası qoyulsa və layihələrin icrası zamanı o istiqamət üzrə işlər aparılarsa, bunun kökü tam kəsilməsə də, xeyli azalacaq. Öncə daha riskli hədəf qrupları üçün diaqnostikanı aparmaq və onlarda zorakılığa müqavimət bacarıqlarını aşılamaq lazımdır. Zorakılığı elə ilk addımda “boğmaq” olar. Yetər ki, qadın əvvəlcə zorakılığı şiddət kimi qiymətləndirsin, dərk etsin, sonra isə ondan xilas olmaq üçün addımlarını atsın. Bəzən zorakılığı dayandırmağı boşanmaq kimi anlayanlar da yanılır. Siz boşansanız da, zorakılıqdan xilas ola bilməyəcəksiniz. Çünki boşanmaq çıxış yolu deyil. Biz, sizə dəyərlərinizdən imtina edin, təklifi vermirik. Biz dəyərin daxilində qadınların da, kişilərin də özlərinə dəyər, qiymət vermələrini unutmamalarını tövsiyə edirik.