Su, elektrik və qaz sayğaclarına görə alıcıların ödəniş etməsi qanunvericiliyə ziddir - EKSPERT

"Mənzil alıcıları bundan xəbərsiz olur. Alıcılar şərtlərdə nəyin qanuni, nəyin qanuna-zidd olduğunu bilmədən müqaviləni imzalayır, bununla da öhdəlik götürmüş olurlar"

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin  məlumatına görə,  çoxmənzilli yaşayış binaların tikintisini həyata keçirən 23 şirkət barədə materiallar Baş Prokurorluğa göndərilib.  Şirkətlər mənzillərə su, elektrik və qaz sayğaclarının quraşdırılmasına görə sakinlərdən ödəniş tələb etməkdə günahlandırılır. 

Dövlət Xidmətinin məlumatında qeyd olunur ki, çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirən şəxslərin (mənzil-tikinti kooperativləri, məhdud məsuliyyətli cəmiyyətlər və digərləri) mənzillərdə sayğac quraşdırılmasına görə mülkiyyətçilərdən ödəniş tələb etməsi halları barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayında son dövrlərdə artım müşahidə edilir. Müraciətlər araşdırılan zaman şikayət və ərizələrdə mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) ilə alıcılar arasında bağlanmış müqavilələrdə qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərin su, elektrik və qaz sayğacları ilə təchiz edilməsi və onların quraşdırılmasına dair ödənişlər barədə tələblərin yer alması müəyyən edilib. Lakin mövcud qanunvericiliyə əsasən, əhali üçün su, elektrik və qaz sayğaclarının təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilməlidir. Eyni zamanda, təchizatçılar və üçüncü şəxslər tərəfindən sayğacın dəyəri tələb edilə bilməz. Qeyd olunan fəaliyyəti həyata keçirən vəzifəli şəxslərin əməllərində dələduzluq, vəzifədən sui-istifadə və istehlakçıları aldatma hallarının əlamətləri olduğundan Dövlət Xidmətinə iyun ayı ərzində 15 MTK və 8 MMC barəsində daxil olmuş 29 vətəndaş müraciəti hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, tikinti şirkətləri ilə alıcılar arasında bağlanmış bəzi müqavilələrdə mənzillərin su, elektrik və qaz sayğacları ilə təchiz edilməsi və onların quraşdırılmasına görə alıcıların ödəniş etməli olduğu qeyd edilir: 

-Bu, qanunvericiliyə ziddir. Lakin mənzil alıcıları bundan xəbərsiz olur. Alıcılar şərtlərdə nəyin qanuni, nəyin qanuna-zidd olduğunu bilmədən müqaviləni imzalayır, bununla da öhdəlik götürmüş olurlar. Hesab edirəm ki, bu məsələdə tikinti şirkətləri ilə yanaşı əlaqədar dövlət qurumlarıda məsuliyyət daşıyır. Mənzillərdə quraşdırılan elektrik enrjisi, təbii qaz və su sayğacları konkret qurumların – “Azərişıq”, “Azəriqaz” və “Azərsu”nun məhsullarıdır. Məhsullarının satışında ilk növbədə bu qurumlar maraqlı olmalıdır. Məhsulun satıcısı bu qurumlardırsa məsuluyyət daşıyaraq sayğacların harada, necə quraşdırıldığına nəzarət etməli, vətəndaşları da məlumatlandırmalıdırlar. Hər bir mənzil sahibi bu sayğaclar üçün pul ödəyir. Aidiyyətli qurumlar sorğu göndərməli, sonra da sayğacları gətirib quraşdırmalıdır. Bəzən tikinti şirkətləri sayğac quraşdırılmasını sakinlərin üzərinə qoyur. Sakin də, təki işığı, qazı, suyu gəlsin deyə, ödəniş edir. Aidiyyətli qurum da “sayğacın pulu ödənilib, vəssalam”, deyib daha bu vəsatin haradan, kimin hesabına ödəndiyi ilə maraqlanmır. Ona görə də belə qanunsuzluqlar yaranır. Bunun səbəbi nəzarətsizlik və məlumatsızlıqdı.
E.Fərzəliyev qeyd etdi ki, hər 3 dövlət qurumu harada tikinti aparıldığını yaxşı bilir. Yaşayış binalarının tikilib başa çatması ən azından 2-3 il çəkir. Şirkətlər tikintiyə icazə almaq üçün əlaqədar qurumlara texniki şərtlər təqdim edir.  O cümlədən “Azərişıq”, “Azəriqaz” və “Azərsu”ya. Texniki şərtləri təsdiqləyən qurumlar tikintinin gedişatı, həmçinin başa çatması ilə də maraqlanmalı, sayğacların tikinti şirkəti tərəfindən quraşdırılmasında maraqlı olmalıdır, sakinləri də məlumatlandırmalıdır ki, bu sayğaclara görə sakinlər deyil, tikinti şirkəti ödəniş etməlidir. Vətəndaşların məlumatlandırılması əsas vəzifələrdən biri olmalıdır. 

E.Fərzəliyev qeyd etdi ki, bir çox yaşayış binalarında sayğaclar hələ də zirzəmilərdə - sakinlərin görə bilmədiyi yerlərdə qalmaqdadır: 

- Sayğaclar mütləq mənzillərin qapısı yanında, mənzillərə yaxın məsafədə quraşdırılmalıdır. Yoxsa, harda gəldi quraşdırırlar, qurumların əməkdaşları gəlib qəbz yazır, təqdim edir. Sayğac vətəndaş – sakin üçün əlçatan bir yerdə olmalıdır ki, nədən nə qədər sərf etdiyini özü bilsin. Bilsin və ona uyğun da ödəniş etsin.