Fərhad Cabbarov: Polad Həşimovun şəxsi əşyalarının nümayişi üçün xüsusi vitrin ayırmışıq

Qələbəmizin müjdəsi - Aprel döyüşlərinin üçüncü ildönümündə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun ailəsi daha bir nümunəvi addım atıb. Şəhid generalın şəxsi əşyaları ailəsi tərəfindən Azərbaycan Milli Tarix Muzeyinə təqdim olunub.


 Bu barədə “Sherg.az” Milli Tarix Muzeyindən məlumat əldə edib. Muzeyin elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi (2017–2020), şəhid Polad Həşimovun şəxsi əşyaları  -hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, təsbehi və əlyazmaları  onun həyat yoldaşı Ofelya Salmanova tərəfindən muzeyə təqdim edilib. “Muzeyin yeni qurulan ekspozisiyasında general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayırmışıq”, söyləyən F.Cabbarov bildirdi ki, ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, ağır döyüşlər zamanı düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu- general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, müddətdən artıq hərbi xidmət qulluqçuları- Elçin Mustafazadə, Nazim İsmayılov, Vüqar Sadıqov, baş leytenant Rəşad Mahmudov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəliblər.