Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə nazirlik “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Müstəqillik Günü münasibətilə qardaş Pakistan xalqına və hökumətinə ən xoş və ən səmimi arzularımızı çatdırırıq. Biz ikitərəfli əlaqələrimizi, eləcə də strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Müstəqillik Gününüz mübarək!” - paylaşımda qeyd olunub.
44 günlük Vətən savaşında ölkəmizi dəstəkləyən Pakistana təbrik mesajını "Sherg.az"a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Pakistanın Azərbaycan ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir:
"Bu münasibətləri təxminən Azərbaycan Türkiyə əlaqələri ilə müqayisə etmək olar. Yəni Pakistan bizə Türkiyə qədər qardaş ölkədir. Azərbaycanın müstəqilliyini ilk tanıyan iki dövlətdən biridir. Hətta vaxtilə iki dövlət bir millət şüarı irəli sürüləndə Pakistanın rəsmi dairələri müsbət mənada incik düşmüşdülər. Olar üç dövlət , bir millət şüarının səsləndirilməsini istəmişdi. Pakistan Azərbaycan münasibətləri yüksək səviyyədədir. Pakistan bizi bütün platformalarda öz imkanları daxilində dəstəkləyən bir ölkədir".
Ekspert onu da qeyd edib ki, Pakistanın Azərbaycana sevgisinin əsas səbəbi Hacı Zeynalabdin Tağıyev ilə bağlıdır:
"Vaxtilə Pakistan Böyük Britaniyanın müstəmləkəsi olanda, orada yoluxucu xəstəlik yayılmışdı. İnsanlar küçələrdə həmin xəstəlikdən ölürdü. H.Z. Tağıyev bu məsələdən xəbərdar olan kimi öz şəxsi vəsaiti hesabına həmin xəstəliyə qarşı çoxlu miqdarda vaksin alıb və dərman preparatlarını Pakistana göndərdi. Bu dərmanlardan sonra Pakistan pandemiyadan xilas oldu. Hazırda Pakistanda dərsliklərə belə Hacı Zeynalabdin Tağıyev barəsində materiallar salındığı haqqında məlumatlar var. Pakistanın Azərbaycana olan sevgisi təxminən 100 ildən çox bir müddəti əhatə edir. O gündən bu günə qədər də Pakistanın münasibətləri Azərbaycana qarşı yaxşıdır. Bu günün özündə də Pakistan hərbi, siyasi,iqtisadi və digər sahələrdə Azərbaycanı tərəfdaşlıq səviyyəsində münasibətlər qurmaqla dəstəkləyir".