"Onlar ənənəvi olaraq ermənilərə aid olan yalan, hiyləgərlik ilə Qərb və Xristian dünyasını Azərbaycana qarşı qaldıran təxribatlar törədirlər".
Bu sözləri "Sherg.az"a millət vəkili Sabir Rüstəmxanlı Ermənistanın törətdiyi son təxribatlardan və yaydığı dezinformasiyalardan danışarkən deyib:
"Hər dəfə bir bəhanə ilə bildirirlər ki, guya Qarabağda yaşayan ermənilərin humanitar yardımlara ehtiyacı var. Şayiə yayırlar ki, Azərbaycan Laçın dəhlizindən Ermənistana yardımların buraxılmasına mane olur. Halbuki yol açıqdır. Azərbaycan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsinin gözləri önündə orada xəstələrin, dinc əhalinin keçməsinə hər cür şərait yaradıb. Digər tərəfdən Ermənistan tərəfi gah Laçın yolunu bağlamaq, gah da bu yolda nəzarəti ələ keçirmək istəyir. Bu, Azərbaycana qarşı bir təxribatdır. Bunlar gah silahlı, gah da diplomatik təxribatlar aparırlar. Bütün Avropa ölkələrində Azərbaycan və Türkiyəyə qarşı müxtəlif düşmən təxribatı aparırlar. Təəssüf ki, Avropa ölkələri, Rusiya, ABŞ və digərləri Ermənistanın əsassız mövqeyini müdafiə edirlər. 30 il ərzində Azərbaycan torpaqları dağıdılanda, bir milyon vətəndaşımzı qaçqın həyatı yaşayanda, ərazilərimiz mina ilə doldurulanda Avropa,Qərb və bu müşahidəçilər harada idi? İndi Azərbaycan öz haqlarını müdafiə edəndə, sərhədlərini bərpa edib sülh istəyini bildirəndə Ermənistan tərəfini yenidən müharibəyə cəlb edirlər. Dünya qan tökülmə səhnəsinin şahidi olmaq istəyirsə, olacaqlar. Bu gün Azərbaycan sülh istəyir. Qonşu Ermənistan ilə beynəlxalq hüquq çərçivəsində biz danışığa gələ bilərik. Amma bir sıra ölkələr buna mane olurlar".
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata əsasən avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.