Ermənistan Statistika Komitəsi son 6 ayda ölkədən sığınacaq istəyən şəxslərlə bağlı siyahı yayıb.
Komitə bildirib ki, guya Azərbaycan və Türkiyədən də sığınacaq istəyənlər olub.
Ermənistan cəmiyyəti hər zaman Azərbaycanı atəşkəsi pozmaqda və onlara qarşı təxribat aparmaqda günahlandırıb. Şübhəsiz ki, bu da onların informasiya sahəsindəki təxribatlarından biridir.
Məsələni şərh edən Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Ermənistanın hər sözünə şübhə ilə yanaşmaq lazımdır:
"Onlar bununla təbliğat vasitəsindən istifadə edirlər. Guya süni şəkildə Qarabağda rus icması yaradıblar. Ermənistanda azərbaycanlıların yaşaması, kürd icmasının olması ilə bağlı yalandan məlumatlar verirlər. Bunların hamısı saxta məlumatlardır. Bütün işlərində olduğu kimi bunu da saxtalaşdırırlar. Ola bilər ki, kimsə siyasi məqsəd ilə gedə bilər. Türkiyədə erməni mövqeyində dayanan müəyyən vətəndaşlar var. Hətta bu yaxınlarda dırnaqarası bir qrup ictimai xadim bildirmişdi ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edib. Üçüncü bir ölkədən sığınacaq almaq, Ermənistana siyasi dəstək vermək üçün onlardan kimsə gedə bilər. Bir neçə il öncə gənc Azərbaycan ailəsi Ermənistan tərəfə getmişdi. Sonradan bir tərəfinin erməni olduğu məlum olmuşdu. Belə şeylər mümkündür, amma çox nadir hallarda rastlaşılan hadisələrdir. Məsələyə baxanda Azərbaycan və Türkiyədən kiminsə gedib sığınacaq istəməsi real görünmür. Buna dair faktlar belə yoxdur. Ermənistan bunu deməklə faktları saxtalaşdırır".