Mədəni və ekoloji fəalların Urmiya gölünün qurudulmasına etiraz olaraq aksiya keçirilməsi ilə bağlı çağırış etməsindən sonra Güney Azərbaycanın müxtəlif şəhərlərində gərgin atmosferin hakim olduğu bildirilir.
Bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, avqustun 27-i səhər saatlarından etibarən Güney Azərbaycan şəhərlərinin müxtəlif yerlərində xüsusi təyinatlılar və təhlükəsizlik məmurları yerləşdirilib.
Həmçinin etiraz aksiyası nəticəsində Güney Azərbaycanın bir neçə şəhərində milli fəallar həbs edilib.
Məsələni "Sherg.az"a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Urmiya gölü Cənubi Azərbaycandakı soydaşlarımızın çox böyük problemidir:
"Bu problemi isə saxta İran hakimiyyəti yaradıb. Burada əsas məqsədləri siyasi və demoqrafik yöndədir. Urmiya gölünün şorlanması ilə həmin ərazilərdə olan azərbaycanlıların kütləvi köçünü təmin etmək istəyirlər. Soydaşlarımızı tədricən ərazilərdən dağıtmaq və başqa etnik qrupları yerləşdirməklə Azərbaycan türklərinin dominantlığını aradan qaldırmaq istəyirlər. Bu hadisə bütövlükdə İran cəmiyyətinin özünün böyük faciəsinə çevrilib. Çünki bu məsələ tək siyasi yöndən məhdudlaşmır. Bunun ciddi ekoloji təsirləri var. Bu isə bütövlükdə İran xalqına zərər vurur".
Ekspert onu da qeyd edib ki, İran dövlətinin konkret qərarlar verməsi üçün Azərbaycan türkləri yenidən həyəcan təbili çalırlar:
"Bununla İran cəmiyyətini ayağa qaldırmaq istəyirlər. Ancaq biz belə konkret qərarları görmürük. Baxmayaraq ki, bu torpaqların yararsız hala salınması, insanların tərk etməsi böyük sosial və demokratik problemlərə gətirib çıxarır. Artıq problemi həll etmək mümkünsüz hala gəlib. Ona görə də azərbaycanlılar bu məsələ ilə bağlı ayağa qalxıblar. İran rejimi isə azərbaycanlıların həyəcan təbilindən ehtiyat edir. Çünki bu bütün İran cəmiyyətində mitinqlərin baş verməsinə çağırış ola bilər. Buna görə də məsələyə sərt yanaşaraq insanları döyür, zorakılıq tətbiq edərək həbs edirlər. İnsanlar təqib olunur və ailələri ilə qorxudulur. Molla rejimi düşünür ki, bu cür qorxu sindromu ilə növbəti etiraz dalğasının qarşısını ala biləcəklər. İran rejimi hansısa etiraz mitinqinin fonunda geri çəkilməyib. Krelikal rejim özlərini din ayini kimi təqdim edir. Düşünürlər ki, hər şeyin düzünü onlar bilir. Cahil insanların tələbləri qarşısında ali hakimiyyət, ruhanilər geri çəkilə bilməz. Etiraz aksiyası sayəsində İranda hansısa güzəştləri biz görməmişik, görən də deyilik. Çünki onlarda yanaşma tərzi anormaldır".