Qarabağdakı terrorçular tərk-silah ediləcək  - Qardaş ölkə ilə əməkdaşlıq...

Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi və təlimi, erməni işğalından azad edilmiş rayonlarda mina və partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi istiqamətində dəstəyini davam etdirir.

Bu  barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi bildirib.

O, Qafqaz regionunun sülh şəraitində gələcəyə doğru möhkəm addımlar atacağına inandığını qeyd edib:

 “Ermənistanın uzadılmış sülh əlini tutacağına ümid edir, Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması üçün səmimi səyləri dəstəklədiyimizi bir daha bildiririk. Kədərdə, sevincdə birləşdiyimiz azərbaycanlı qardaşlarımızı “iki dövlət, bir millət” anlayışı ilə onların haqlı işlərində indiyə qədər etdiyimiz kimi, bundan sonra da bütün imkanlarımızla dəstəkləyəcəyik”.

Həmçinin bildirilib ki, Ermənistan təxribatlardan əl çəkməli, diqqətini sülh danışıqları və əməkdaşlığa yönəltməlidir:

“Regional sülh və sabitliyə aparan yol hərtərəfli sülh sazişinin imzalanmasından keçir. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir”.

Məsələyə münasibət bildirən hərbi ekspert Şair Ramaldanov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Türkiyə-Azərbaycan dostluğunun təməlini Ulu öndər Heydər Əliyev qoyub: 

"Eyni zamanda Mustafa Kamal Atatürk demişdi ki, Azərbaycanın sevinci  sevincimiz, kədəri isə kədərimizdir. Ulu Öndər də  bir millət iki dövlət anlayışını ortaya qoymuş və iki qardaş ölkəni bir-birinə daha da yaxınlaşdırmışdır. Heydər Əliyevin gəlişindən sonra Azərbaycan Türkiyə münasibətləri çox sürətli inkişaf etmişdir. Ulu Öndərin davamçısı olan cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirmişdir.  Nəticədə Türkiyə ilə Şuşa bəyannaməsi kimi sənəd imzalanıb və Azərbaycan ilə qardaş ölkə strateji müttəfiqdir. Bu gün Azərbaycana hər hansı təhlükə yaransa, Türkiyə kimi böyük dövlət öz qardaş əlini bizdən əsirgəməyəcək. Eynilə Azərbaycanda Türkiyəyə qarşı lazım olanda dəstəyini göstərəcək. Azərbaycan və Türkiyənin regionda məqsədi eynidir. Türkiyənin məqsədi də  bölgədə sülhün, dayanıqlığın olması yönündədir. Çünki  regionun potensialından və geosiyasi yerləşməsindən faydalanması sülh şəraitində ola bilər. Region ilə bağlı kağızlarda çoxlu planlar var və bu haqda dəfələrlə danışıqlar olub. Hərb sahəsində hər hansı  məsələlərin həlli işlənmir, gələcəyin çiçəklənməsi və inkişafı qorunmursa, heç nəyə dəyməz.  Ona görə də Silahlı Qüvvələrin burada rolu çox böyük önəm daşıyır.  Artıq Türkiyə hərbi mütəxəssislərinin köməyi ilə Azərbaycanda çox böyük islahatlar aparılmışdır. Biz hər zaman əməkdaşlıq edirik. Bu birlikdəlik  həm Azərbaycan, həm də Türkiyə ordusunun inkişafına xidmət edən amildir".
Ekspert onu da qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyan ilə son telefon danışığında regionda sabitlik, sülh və vəziyyəti gərginləşdirməmək ilə bağlı tövsiyələr verib: 

"Həmçinin regiona bağlı dövlət olaraq öz tələblərini də qoymuşdur. Bu gün bölgədə qeyri-sabitlik və  sülhün olmaması regionu inkişafdan saxlayır. Eyni zamanda böyük investisiya yatırımları gecikdirilir. Bütün bunlar münaqişəni yenidən alovlandırmaq istəyən qüvvələrin maraqlarına xidmət edir. Amma Azərbaycan ordusu lazım olan cavabı verir və əmin-amanlığın olması üçün əlindən gələni edir. Azərbaycan Respublika Prezidenti İlham Əliyev 3 tərəfli bəyannamənin bütün müddəalarının  yerinə yetiriləcəyini hər yerdə vurğulayıb. Zəngəzur dəhlizinin açılması istiqamətində də böyük işlər aparılır. Sülh müqaviləsinin bağlanması, delimitasiyası, demarkasiyası məsələləri ilə bağlı Rusiya, Avropa və ABŞ platformalarında əsas yanaşmalar müəyyənləşib. Yaxın zamanda qanunsuz silahlıları və  Qarabağ ərazisində yerləşən terrorçuların tərk silah edilməsi məsələsi yerinə yetiriləcək. Bundan sonra  reinteqrasiyası da öz həllini tapacaq. Azərbaycana mane olan qüvvələr var. Amma Türkiyənin Azərbaycanın yanında olması bu təsirləri minimuma endirəcək. Gələcəkdə Azərbaycan  Türkiyə qardaşlığı daha da inkişaf edəcək və bütün Turan ölkələrinə nümunə olacaq".