Erməni lobbisi qadınları pulla orduya cəlb edir  - ŞƏRH

Ermənistanda könüllü olaraq hərbi xidmətə yazılmış qadınlar qış çağırışında hərbi xidmətə cəlb olunacaq.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında deyib.

Qeyd edək ki, Ermənistanda qadınların könüllülük əsasında hərbi xidmətə çağrılmasını nəzərdə tutan qanun layihəsi ölkənin müdafiə naziri Suren Papikyan tərəfindən parlamentə təqdim olunub və səs çoxluğu ilə qəbul edilib.

Qanun layihəsinə görə, 6 aylıq hərbi xidməti başa vuran qadınlar 2,5 min dollar məbləğində ödəniş alacaqlar.

Həmçinin, qeyd olunub ki, qadınlar hərbi xidmətdən çağırış gününə qədər imtina edə bilərlər. 

Qadınlardan hərbi xidmətdə  istifadə praktikasının  bəzi ölkələrdə geniş yayıldığını deyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, bu İsrail təcrübəsini orduda tətbiq etməkdən ibarətdir: 
"Həmçinin əks-cinsin nümayəndələrinin çatışmazlığından yaranan bir problemdir və hərbi ehtiyatı qadınların hesabına artırmağa çalışırlar. Eyni zamanda bu psixoloji amildir. Yəni, qadınların orduya könüllü çağrılması kişi fərdlərin də hərbi xidmətə cəlbi məsələsini gündəmə gətirir. Bu məsələnin arxasında erməni lobbisinin pulunun və gücünün  dayandığı ortaya çıxır. Çünki 2.5 milyon dollar məbləğində pulu vermək üçün büdcə lazımdır. Ermənistanın isə bunun üçün büdcəsi yoxdur. Belə çıxır ki, bu erməni milyarderlərindən birinin puludur. Ermənistan tərəfi qadınlardan snayperin istifadəsi üçün istifadə ediblər. Çox təəssüf ki, bu çox uğurlu addım olub. Bunun nəticəsində bizim xeyli hərbi qulluqçumuz şəhid olub.  Birinci və İkinci Qarabağ müharibəsinin gedişində erməni snayper qadınlar bizim tərəfdən ələ keçrilmişdi".