Azərbaycan Ordusu dünya rekordu göstərdi

23 saat 43 dəqiqəyə mülki əhaliyə zərər vermədən işi bitirdi

“İndi bölgəni tam təmizləmək şərtdir. Böyük ehtimal ruslar ermənilərin əlindən böyük texnikaları alaraq bizə təhvil verəcəklər”
  
Dövlət başçısı İlham Əliyev antiterror tədbirləri zamanı hərbçilərimizin nümayiş etdirdikləri yüksək peşəkarlıq və üstün mənəvi keyfiyyətləri də xalqa müraciətində xüsusi olaraq qeyd etdi. Ölkə rəhbəri bildirdi ki, bir günlük lokal antiterror tədbirlərində iştirak edən hər bir Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərib. Antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılıb, tarixi hədəfə nail olunub. Erməni separatçılarının bu qədər sürətli və çevik bir əməliyyat sayəsində dizə gətirilməsi dünya hərb tarixi üçün də, separatçılıq problemi ilə üzləşən digər ölkələr üçün də həqiqətən də misilsiz bir örnəkdir. Vaxtı ilə tanklarla Yevlaxa qədər gələ biləcəklərini deyən, “yeni müharibə və yeni ərazilər” devizi ilə bizi hədələyən, hətta Bakıya qədər gəlməyin xəyallarını quran ermənilər ağ bayraqla Yevlaxa gəldilər. Ölkə rəhbərinin də vurğuladığı kimi antiterror tədbirləri yüksək peşəkarlıq və dəqiqliklə aparıldı. Azərbaycan Ordusu bu dəfə də humanist və ədalətli yanaşma ilə mülki əhalini hədəfə almadı. Çünki əvvəlcədən də bəyan edildiyi kimi, bizim məqsədimiz yalnız qanunsuz hərbi birləşmələri məhv etmək idi. Bu məqama diqqət çəkən Prezident xalqa müraciətində bildirdi ki, ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərdilər: "Qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edildi. Hərbi texnika məhv edildi və sıradan çıxarıldı”. Prezidentin köməkçisi Hikmət Hacıyev də qeyd edib ki, Azərbaycan antiterror tədbirləri zamanı Qarabağda erməni mülki əhalisini hədəf almayıb. Bundan fərqli olaraq, Azərbaycan Ordusu hədəflərin zərərsizləşdirilməsində çox seçici və dəqiq olmaqla, dəqiq idarə olunan hərbi sursatlardan istifadə edib, eyni zamanda bütün mülki şəxslərə əvvəlcədən SMS vasitəsilə hərbi obyektlərdən uzaq durmaq lazım olduğu barədə məlumat verilib. Azərbaycan Ordusunun peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri dünya ictimaiyyəti tərəfindən də yüksək dəyərləndirilib. İsrailli hərbi ekspert Sergey Auslender deyib ki, Azərbaycan Ordusu dünya rekordu göstərdi: “Antiterror tədbirləri bir neçə açıq-aşkar amili nümayiş etdirdi. Müasir müharibələr belə aparılır. Düşməndən texnoloji cəhətdən bir nəsil üstün olanda elə ilk zərbə ilə onu kor edib çaşdırırsan, sonrakı müqavimət mənasız olur. Yuxarıdan hardansa yalnız raketlər və kamikadze dronlar gəlir. 23 saat 43 dəqiqə - yəqin ki, dünya rekordu”.
  
Ehtiyatda olan polkovnik, hərbi ekspert Elxan Qəniyev "Sherg.az"a açıqlamasında deyib ki, Prezident xalqa müraciətində antiterror tədbirlərinin hansı şəraitdə keçirilməsi ilə bağlı çox dəqiq məlumatlar verdi. Hərbi ekspert diqqətə çatdırıb ki, Birinci Qarabağ müharibəsi zamanı həmin bölgədə, Ağdərə döyüşlərində iştirak edib: "Taborumuz Sırxavəndə kimi gedib çıxmışdı, sonra geri qayıtmaq məcburiyyətində qaldıq. Həmin bölgənin relyefi çox mürəkkəbdir. Qazançının yanında Mehmana, Ortakənd çox çətin relyefə malik ərazilərdir. Hər tərəf sıx meşəlikdir. Hərəkət etmək çox çətindir. Kəndlərin içərisində evlərə girirdik, çünki ermənilər həmin evlərdən bizə atəş açırdılar. Ancaq ölü, yaxud diri heç kimə rast gəlmirdik. Hər yeri axtarandan sonra evin zirzəmisində balaca bir dəlik tapırdıq. Baxanda görürdük ki, evin altında tunellər var. Bütün evlər bir-birinə tunellərlə bağlıdır. Elə qazılıb ki, tuneldən qaçaraq digər bölgədən çıxmaq mümkündür. Həmin bölgədə döyüşlərdə 174 şəhid verdik, amma 34 kəndi ermənilərdən təmizlədik. Yəni sözügedən əraziləri çox yaxşı tanıdığım üçün deyirəm ki, əməliyyat düzgün qurulmasaydı, itkilər çox olardı. Yaxşı ki, separatçıların döyüş nöqtələri, postları dəqiq silahlarla, məsafədən məhv edilib. Sözün açığı, ermənilərə güvənmirəm. İnanmıram ki, razılığa tam əməl edəcəklər. Bölgə silahlı dəstələrdən, onların texnikalarından tam təmizlənməlidir ki, yenidən baş qaldırmasınlar, təxribatlara əl atmasınlar. Böyük ehtimal ruslar ermənilərin əlindən böyük texnikaları alaraq bizə təhvil verəcəklər, ancaq avtomat tipli silahları torpağın altında, hardasa gizlədə də bilərlər. Çünki bizi çox aldadıblar. Ona görə də bölgəni tam təmizləmək şərtdir. Allah Ali Baş Komandanımıza can sağlığı versin, şəhidlərimizə rəhmət etsin".