“Karabakh Telecom”un fəaliyyəti dərhal dayandırılmalıdır

Ləngimək doğru olmaz

  Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hazırda Xankəndidəki “Karabakh Telecom”un fəaliyyətinin dərhal dayandırılmasının vacibliyi haqqında danışıb:

- Ləngimək heç bir halda doğru olmazdı. Kommunikasiya dərhal Azərbaycan hökumətinin nəzarətinə keçməlidir. Ermənistan bizim ərazi bütövlüyümüzü tanıyıb. Prezident ötəngünkü çıxışında Ermənistanın son günlərdəki addımlarını gələcək sülh müqaviləsi üçün məqbul dəyərləndirib. Belə olan halda Ermənistanın +374 beynəlxalq kodu ilə bizim ərazimizdə uzun illər qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom" mobil operatorun bundan sonrakı fəaliyyəti doğru və məntiqli deyil. Hazırda bölgənin bütün informasiya seli Ermənistanın beynəlxalq kodu altında işləyən "Karabakh Telecom" vasitəsilə, həm də Ermənistan üzərindəndir. Magistral rabitə xətləri Ermənistana məxsusdur. Düşünürəm ki, bunlar indiki anda artıq yolverilməzdir. Hətta düşünürəm ki, ola bilər ki, bu operatorun sahibləri avadanlıqları və baza stansiyalarını, data mərkəzləri söküb Ermənistana aparmaq, ruslara satmaq da istəyəcəklər. İndi belə fikirlər sosial mediada gözə dəyir ki, bölgədə olan qanunsuz silahlar Ermənistana deyil, ruslara təhvil verilir. Buna yol vermək olmaz. Hansı ki, fikrimcə, əksinə olmalıdır, 20 il qanunsuz biznes quranlar bizə kompensasiya ödəməlidirlər. Əgər kimlərsə “Karabakh Telecom” infrastrukturunu, avadanlıqları, baza stansiyalarını, data mərkəzləri söküb rusların köməyi ilə Ermənistana daşısalar, bunun məsuliyyəti kimin üzərindədir? Uzun illər orada toplanan nəhəng data-nın taleyi necə olacaq, Ermənistana, yoxsa ruslaramı veriləcək? Ümid edirəm, RİNN, DİN, DTX, Baş prokurorluq bunların fərqindədir.