Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.
"Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq", - Türkiyə Prezidenti qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə münasibət bildirən politoloq Sədrəddin Soltan "Sherg.az"a açıqlamasında vurğulayıb ki, beynəlxalq layihələrdə İran variantı həmişə olur:
"Bakı-Tbilisi-Ceyhan neft kəməri lahiyəsi müzakirə olunan zamanda xəttin İran üzərindən keçərək Türkiyəyə oradan da Ceyhan limanına çatdırılması məsələsi gündəlikdə idi. Lakin İrana tətbiq olunan sanksiyalar bu variantı ikinci plana keçirdi. İran tərəfi Zəngəzur dəhlizinin ərazidən keçməsinə razılıq verə bilər. Bu rəsmi Tehran üçün çox faydalı olar. Amma həmin vəziyyətdə Ermənistan tərəfi bu mövzuda uduzacaq. Digər tərəfdən 2020-ci il noyabrın 10-u olan bəyanatın müddəalarına Ermənistandakı kommunikasiya xətlərinin açılması daxildir. Bu rəsmi Tehranın ərazisindən keçsə, Ermənistan buradan mənfəət əldə edə bilməyəcək. Həmçinin İrana qarşı sanksiyaların təsiri azala bilər. Zəngəzur dəhlizinin İran üzərindən keçməsi əsas variantlardan biri deyil. Bu həm də Zəngəzur dəhlizinə maneə olan qüvvələrə alternativ yolun olduğunu göstərməkdir. Ona görə də siyasət və Beynəlxalq əhəmiyyətli məsələlərdə təkcə dövlətlərin iqtisadi maraqları deyil, eyni zamanda Beynəlxalq İctimaiyyətin siyasi maraqları da gözlənilir. İrana qarşı sanksiyaların dayanmadığı təqdirdə böyük layihələrə qoşulması mümkün olmayacaq".
Məsələyə münasibət bildirən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl söyləyib ki, Zəngəzur dəhlizinin açılması və yaxud İran üzərindən keçməsi dövlətlərarası xarakter daşıyır:
"Bundan əvvəl də Azərbaycanın İran ilə bu mövzuda anlaşması olub. İran tərəfi də razılıq verirsə, Ermənistan tamamilə bu məsələdən kənarlaşmış olacaq. Yəni İrəvan bununla özünü mühasirəyə alacaq. Eyni zamanda bu bir növ "3+3" platforması görüşməsinin də təklifi idi ki, tərəflər arasında münaqişə deyil, işbirliyi olsun. Türkiyə, Azərbaycan İran ilə işbirliyinə səmimi baxır. Bu məsələ bir az da İran tərəfindən asılıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu təsadüfi deməyib. Həm Ermənistana, həm də İrana bir mesajdır. Yəni, İrəvana bu məsələdən kənarda qalmaması ilə bağlı çağırışdır. İrana isə demək istəyir ki, biz onlarla əməkdaşlığa müsbət yanaşırıq. Bu məsələdə çətin bir şey yoxdur. Azərbaycan, Türkiyə və İranın da iqtisadi gücü bu işin həll edilməsinə yetərlidir. Bu yolun necə olacağı məsələsi çox vacibdir. Hazırda anlaşılan odur ki, rəsmi Tehran tərəfi buna müsbət reaksiya verir və yolun İran üzərindən açılmasında problem olmayacaq".