“Azərbaycan Qarabağda separatizmə son qoyduqdan, ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Şimali Kipr Türk Cümhuriyyətini (KKTC) tanımaq istiqamətində addımlar ata bilər”.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın belə bir istəyi olduğunu bildirib:
“Əvvəllər rəsmi Bakı Şimali Kipr məsələsində ona görə ehtiyatlı davranırdı ki, Yunanıstan Qarabağ separatçılarını tanıya bilərdi. Artıq torpağımızda nə separatçılıq qalıb, nə də onları tanımaq təhlükəsi mövcuddur.
Ərdoğan Naxçıvandan geri dönərkən təyyarədə jurnalistlərin suallarına cavabında Azərbaycan Prezidenti İlham Əliyevin KKTC lideri Ərsin Tatarı 3 oktyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının toplantısına dəvət təşəbbüsünə dəstək verdiyini bildirib.
Ərdoğan Əliyevin KKTC-yə artan dəstəyindən məmnundur. Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələrinə də KKTC-ni tanımasına heç nə mane olmur”.
Məsələyə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında söyləyib ki, Qarabağı tam nəzarətə keçirdikdən sonra Şimali Kipr Türk Cümhuriyyətinı tanımalıyıq:
"Həmçinin təkcə KKTC-ni deyil Kosovanı da tanımaq istiqamətində addımlar atmalıyıq. Kosova Balkan yarımadasında balaca bir müsəlman cümhuriyyətdir. Onlar böyük faciələrə məruz qalmış və mücadilədən keçmiş xalq olublar. İstər KKTC-ni istərsə də, Kosovanı Azərbaycanın tanıması çox vacibdir. Həmçinin bu Azərbaycanın maraqlarına müsbət cavab verir. Türkiyədə bizə müttəfiq ölkə olaraq buna müsbət yanaşır. Son BMT-nin iclasında da Albaniya Azərbaycanı müdafiə etmişdi. Albanlar da Balkan yarımadasında Şimali Kipr kimi müsəlman bir xalqdır".