Atəş səsləri eşidilmir

Daha ermənilər təxribata cürət edə bilmirlər

Azərbaycan Ordusunun antiterror tədbirləri Qarabağa dinclik gətirib
  Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra bölgədə atəşkəs rejiminin pozulması halı aşkar edilməyib.
  Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən mənbə bildirib.
Qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini davam etdirir və antiterror tədbirlərindən sonra bölgədəki son prosesləri yaxından izləyir.

  Məsələni "Sherg.az"a şərh edən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Ağdamda yerləşən Monitorinq Mərkəzində həm Türkiyə, həm də Rusiya Silahlı Qüvvələrinin heyəti Qarabağ və şərti sərhəddə mümkün ola biləcək atəşkəs hallarının pozulmasını qeydiyyata götürür: "Hər iki tərəf öz istiqaməti üzrə bunu məruzə edir. Antiterror tədbirləri başlayan gündən bu vaxta qədər Ermənistanın şərti sərhəddə atəşkəsi pozmamasının səbəbləri var. Birincisi, bu, onların Azərbaycan Silahlı Qüvvələrinin mümkün cavab əməliyyatlarından qorxduqları üçündür. Bu qorxunu daha çox Qarabağda antiterror tədbirlərinin keçirilməsi zamanı qeyri-qanuni birləşmələrin onlara aid olmadığını dedikləri zaman büruzə verdilər. Atəşkəsin pozulması Azərbaycan ilə Ermənistan arasında şərti sərhəddə gərginlik olduğu təqdirdə ola bilər. Ermənistan tərəfi bizə qarşı yenidən təxribat aparıb ərazilərimizi atəşə tutsa, bunun cavabı şərti sərhəddən qarşı tərəfə olan ərazilərdə olacaq. Ermənistan isə bunu bilir. Sentyabr hadisələrində Silahlı Qüvvələrimizin hərbiçilərinin Ermənistan tərəfindən atəşə tutulanda cavabı necə vermişik, biz göstərmişik. Ermənistan müxtəlif səbəblərdən bizə qarşı müəyyən yerlərdə yenidən təxribat fəaliyyətlərini davam etdirə bilər. Xüsusilə də, bunu Kəlbəcər və Zəngilan istiqamətində həyata keçirə bilərlər.
  Antiterror tədbirlərinin nəticəsi olaraq Silahlı Qüvvələrimizin əsas gücü separatçı rejimin olduğu ərazidən şərti sərhəddə yönəldiyi üçün həmin ərazidəki qüvvələrimizin də gücünə güc qatmış olduq. Bundan əlavə oradan ələ keçrilən zirehli texnika, artilleriya vasitələri, atıcı silahlar və minaatanlar da silah arsenalını hiss ediləcək dərəcədə gücləndirmiş olacaq. Növbəti mərhələdə Ermənistan daha çox sülh sazişinin imzalanmasında maraqlı olacaq. Azərbaycan saxta ideyalar üzərinə Ermənistanı dəstəkləyən güclərin artıq onları müdafiə etmədiyini göstərdi. Ermənistan tərəfindən bundan sonra yeni ağ səhifə açmalıdır və bizim qoyduğumuz şərtlər altında sülh sazişini imzalamalıdır".