Prosesləri izlədikdə görürük ki, humanitar yardımların göstərilmısində belə ayrı-seçkilik mövcuddur. Sual yaranır ki, hələ 1990-cı illərin əvvəllərində milyondan artıq azərbaycanlıya xarici donor təşkilatları hansı yardımı göstəriblər? Bu gün də ölkəmizdə yüz minlərlə hələ də öz evinə, torpağına qayıda bilməyən insan var. Amma onlar yada düşmür, heç bir humanitar yardım göstərilmir. Qarabağdan çıxan ermənilərə yardım üçün isə Qərb təsisatlatı sıraya düzülüblər. Kimsə buna etiraz etmir. Amma azərbaycanlı qaçqınlar niyə yada düşmür? Çünki bu ayrıseçkilik, ikili standartların bariz nümunəsidir. Ən böyük sual isə bu gün ermənilərə yardım barədə danışan donor təşkilatların azərbaycanlılarla bağlı niyə susmasıdır?
Donor təşkilatların ikili standartlarını "Sherg.az"a şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov söyləyib ki, Ermənilərin dünyada geniş yayılmış lobbi şəbəkəsi və diaspor fəaliyyəti var:
"Ermənistan uzun müddətdir mənim 20 il yaşadığım Rusiyada Azərbaycanı ictimaiyyətə "işğalçı" dövlət kimi təqdim edir. Bununla da Azərbaycanın haqq səsini boğmağa nail olublar. Eyni fəaliyyət Avropa ölkələrində və ABŞ-də həyata keçirilib. Amerika konqresində alınan qərarlar bunun ən bariz nümunəsidir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın haqq səsini xarici dövlətlərin auditoriyasına çatdıran diasporumuzun səsi çıxmır. Çünki onları dəstəkləyən qüvvə yoxdur. Əlbəttə ki, bu məsələdə ermənilərə "haqq" qazandırmaq olar. Ona görə ki, onların diaspor və lobbi fəaliyyəti 100 ildən çoxdur davam edir. Hələ 1915-ci ildən bu yana onlar xarici dövlətlərdə bir araya gəliblər. Biz azərbaycanlılar isə Sovet ittifaqı dağıldıqdan sonra xarici dövlətlərdə diaspor fəaliyyəti qurmağa başlamışıq".
F.Abbasov əlavə edib ki, bir çox dövlətlərdə lobbiçilik fəaliyyətimiz hələ də təzədir:
"Sadəcə 44 günlük savaşdan sonra səsimizi dünyaya duyurmağa başlamışıq. Bu vaxta qədər isə fəaliyyətlər zəif idi. Onun üçün də humanitar yardım məsələsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin səslərini dünya ictimaiyyətinə çatdıra bilməmişik. Məsələn, Fransa və Amerikada erməni əsilli vətəndaşların səslərini qazanmaq üçün onların tələbləri yerinə yetirilir. Azərbaycanlıların isə belə bir gücü yoxdur. Bu səbəbdən dolayı Azərbaycanla Türkiyənin haqq səsi dünyaya çatdırılmır. Donor təşkilatların isə milyondan çox azərbaycanlı qaçqının aqibətindən xəbəri yoxdur".