Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onların etdiyi xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, aparılmış radiomonitorinqlər nəticəsində Şuşa Radio-Televiziya Yayım Stansiyası vasitəsilə Azərbaycanın 7 radio və 9 televiziyanın, eləcə də Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maarifləndirilməsi, Azərbaycan dövlətinin çağırışlarının onlara çatdırılması üçün Azərbaycanın erməni və rus dillərində yayımlanan 101,1, 103,5 və 97,7 MHs tezliklərində FM radio və 674 MHs tezliyində rəqəmsal televiziya yayımının Xankəndi də daxil olmaqla, Qarabağ bölgəsinin bir çox ərazisində qəbulu müşahidə olunub.
Bununla belə, Qarabağ bölgəsində radio-televiziya yayımlarının keyfiyyətinin və əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə əlavə tədbirlər görüləcək.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında tanınmış telejurnalist, professor Qulu Məhərrəmli bildirib ki, Xankəndidə daxil olmaq ilə Qarabağ bölgəsində yaşayan Azərbaycan sakinləri üçün radio-televiziya yayımının keyfiyyətinin yüksəldilməsi çox vacibdir:
"Bu prosesdə yayım kanalı olaraq radio-televiziya verilişləri orada yayımlanmalıdır. Çünki həmin ərazilərdə əhali uzun illər xunta rejiminin təsiri altında olub. Azərbaycanda gedən hadisələrdən tamamilə xəbərsizdilər. Bu və başqa formada Azərbaycan hakimiyyəti ilə oradakı vətəndaşlar arasında anlaşmanın intensivləşməsinə ehtiyac var. Əlbəttə bu məsələlərdə əhalinin radio-televiziya vasitəsilə məlumatlandırılması və proseslərin işıqlandırılması işin xeyrinə olacaq. Ona görə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu addımını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, qısa müddət ərzində həmin ərazidə ciddi işlər görüləcək. Eyni zamanda radio-televiziya yayımının orada fəaliyyəti də buna daxildir. Azərbaycan televiziya və radioçuların verilişin məzmunu ilə bağlı kifayət qədər ciddi təcrübəsi var. Bu cəhətdən həmin verilişləri yayımlamaq o qədər də çətin olmayacaq. Bu addımı təqdir edir və indi erməni vətəndaşlar üçün məlumatlandırma işinin həyata keçrilməsinin əsas məqam olduğunu düşünürəm".