Ermənistan Rusiya sülhməramlılarına sağ ol deməlidir - Politoloq

Qarabağda sülhməramlıların mükafatlandırılması ilə bağlı görüntülər erməniləri qəzəbləndirib.

Bu  kadrları Rusiya sülhməramlı qüvvələrinin sosial şəbəkə hesabları paylaşıblar.

Belə ki, Qarabağda müvəqqəti xidmət aparan sülhməramlılar dövlət mükafatları ilə təltif olunublar. Sözügedən mərasim sosial şəbəkənin erməni seqmentində kəskin qəzəblə qarşılanıb. Sülhməramlıları vəzifə öhdəliklərini yerinə yetirməməkdə ittiham edən ermənilər onların missiyalarını vaxtından əvvəl başa vurduqlarını qeyd ediblər.

 Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, Ermənistan tərəfinin bu cür qəzəbləri aydın məsələdir:

"Çünki ermənilər düşünürdülər ki, rus sülhməramlıları Azərbaycan ordusu ilə üz-üzə duraraq onları qoruyacaq. Həmçinin lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə maneəçilik törədəcəklər. Amma Ermənistan tərəfinin arzu etdikləri olmadı. İndi isə bütün qəzəblərini rus sülhməramlılarının üzərinə yıxmağa çalışırlar. Ermənistan Rusiya sülhməramlılarına sağ ol deməlidir. Çünki onların təhlükəsizliyini də həmin sülhməramlılar qoruyurdu. Amma ermənilər öz xislətini gizlətmədən hazırda öz reaksiyalarını açıq şəkildə bildirirlər".