Əvvəlcə  Xankəndiyə, Xocalıya qayıdaq...

Sonra baxaq görək, bu ucubə abidə cəhənnəmə, gora gedir, ya yox
  
Torpaqlarımızı 30 ilə yaxın Ermənistan, əlbəttə ki, havadarlarının hərbi-siyasi dəstəyi ilə işğal altında saxladı, 1 milyondan artıq insanımız doğma yurdlarından didərgin salındı, körpələr, qız-gəlin, qoca-cavan şəhid edildi, bütün maddi-mədəni sərvətlərimiz darmadağın edildi, məscidlərimizi tövlə etdilər, dahilərimizin abidələrini də gülləbaran etdilər... daha nələr etmədilər ki... Hələ də davam edir əclaflıqları. Necə ki 2020-ci ildə Kəlbəcərdən, Laçından rədd olanda meşələri, hətta məktəb binasını da yandırıb gedirdilər, indi də Xankəndidən, Xocalıdan, Xocavənddən,  Ağdərədən çıxıb gedəndə bacardıqca pislik etməyə çalışırlar, əclaflıqlarından əl çəkmirlər. Gah körpünün altına mina basdırırlar, gah evlərdə partlayıcı gizlədirlər. 

Sərhəddin o tayından da snayperlə əsgərlərimizi nişan alırlar. Erməni hiyləsi, erməni xisləti bitməyincə bitməyəcək. Biz nə edirik? Biz, yəni toplum, ictimaiyyət.  Yadınızdadı, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarsda, “Üçlər Təpəsində ucaldılmış “İnsanlıq Anıtı” abidəsi haqqında “ucubə” ifadəsi işlətmişdi. O “insanlıq” deyib bağırdıqları başqasına qarşı niyə keçərli olmur, bu, ayrı məsələ, amma indi biz də Xankəndinin girişində nə vaxtsa “hayqanuş” və “aram”ların qoyduğu, adına, gah “biz və bizim dağlar”, gah da “nənə və baba” dedikləri bir “ucubə” haqqında günlərdir başımızı-beynimizi yoruruq: abidə qalsınmı, qalmasınmı? Əcəba, dünya bizə nə deyər?  Ermənilər bizdən inciyər birdən. “Mədəni soyqırım”, filan deyib, həmişəki kimi tumanlarını başlarına keçirərlər!..  Bir əsrdən artıq Bakının göbəyində erməni kilsəsini tarixi abidə, tolerantlığımızın təsdiqi kimi qoruyub saxladıq, nə oldu? Ötən 30 ildə hansı beynəlxalq təşkilat qaçqın, köçkünümüzün, əsir və girovlarımızın taleyi ilə maraqlanıb, erməniyə barmaq silkələdi? Heç biri. İmkan düşdükcə yenə də bizi günahlandırmağa çalışdılar. 

30 ildən sonra üzə çıxır min-bir əzabla, sorğu-sualsız qətlə yetirib torpağa gömdükləri insanlarımızın cəsədləri. Erməni budur! Dara düşəndə “Xankəndi də, Qarabağ da Azərbaycanındır”, az qala “bütün dünya Azərbaycanındır”, deyəcək. Amma elə ki ayağı Azərbaycan torpağından çıxdı, “vay, bizi öldürürdülər, ac qaldıq, susuz qaldıq”, - deyəcək. Erməni xislətini bilməyən, tanımayan qalmadı ölkədə, eləcə də dünyada. Fəqət, biz silkələnib özümüzə gəlmirik.  “Ucubə” abidə haqqında sərt danışanlar tənqid hədəfinə çevrilir. “Dünya bizə baxır, biz mədəni xalq olduğumuzu göstərməliyik” kimi köhnə bayatılar çalınır. Mədəniyyəti mədəni olana göstərərlər. O kəslərə ki mədəniyyətin, insanlığın nə olduğunu bilir. Bunu bilməyən qarşısında sən ha mədəni ol, dəyərini blməyəcək. Elə sanacaq ki, ondan çəkinirsən. Bu gün bütün dünyanın çəkinəcəyi varsa, o da canını, qanını Vətənə halal etmiş Azərbaycan əsgəridir. Hansı ki  Müzəffər Ali Baş Komandanın əmriylə irəli atılıb, erməni separatizminin kökünü kəsdi. Qoy dünya bizdən çəkinsin. Bizim kimsədən çəkinəcəyimiz yoxdur. Faktlar ortada, sübutlar ortada. Qalaq-qalaq arxiv materialları, sənədlər, videolar, əcnəbilərin Qarabağda indiyədək və 44 günlük müharibədən sonra şahid olduqları... Daha nə lazımdı?

 Beynəlxalq tədbirlərdə deməyə sözümüz, göstərməyə gücümüz var. Belə güclü, qüdrətli, əzmkar vaxtımızda eybəcər bir abidənin varlığı-yoxluğu müzakirə predmeti olmasın gərək. İnkar etmirik, bəziləri o abidənin erməni yalanlarını, tarixi saxtakarlığını ortaya çıxaran mənbə hesab edir və bu yöndən yanaşaraq  onun olduğu yerdə qalmasını düzgün sayır. Erməni saxtakarlığını isbat edəcək “n” qədər mənbə, sənəd var. Lap bir abidə də əskik olsun. Nə eybi?!  Məsələ, abidədə deyil. Məsələ, ermənilərin murdar nəfəsinin torpağımızdan çəkilib getməsidir. O abidə erməni etnik qrupuna məxsus olanların  bir zamanlar Qarabağda müvəqqəti məskunlaşdığının, sadəcə bir nişanıdır. Erməni Qarabağda Azərbaycan türkü ilə birgə yaşayışı haqq etmədiyini göstərdi, əsrlər boyunca. Torpaqda yaşamağı haqq etməyənin o torpaqda heç bir nişanəsi qalmamalıdır. Ədalət budur! 
  
Yenə də peşəmizə xilaf çıxmayaraq abidə ilə bağlı fərqli fikri də təqdim edirik. Balans pozulmasın deyə. Bir dəfə də biz “ikili standartlarla” çıxış edək...                 
 
 "Biz-Bizim dağlar" abidəsi haqqında Əmək Hüquqları Müdafiə Liqasının sədri, hazırda Cenevrədə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 74-cü sessiyasında iştirak edən hörmətli Sahib Məmmədov status paylaşıb. Məzmun belədir: “...Ermənistan BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Pakt üzrə 4-cü dövrü hesabatını təqdim edəcək. Bizim təşkilatımız da Ermənistanın hesabatına iki alternativ hesabat təqdim edib. Onlar BMT-nin veb səhifəsində Ermənistanın hesabatı ilə birgə yerləşdirilib. Hər kəs endirib baxa bilər. Hər ikisi Ermənistanın nifrət zəminində və xalqımızın izini itirmək üçün mədəni irsimizi məhv etməsi haqqındadır (Paktın 15-ci maddəsi üzrə). Komitə üzvləri ilə görüşlər, Komitə üzvləri üçün brifinq və s. tədbirlər planlaşdırırıq, sonra sessiyada iştirak edəcəyik. Məqsədimiz Ermənistan dövlətinin vandal və irqçi siyasətini ifşa etməkdir. Bunu niyə yazdım? İndi baxın. Ermənistanın rəsmi nümayəndə heyəti gələn kimi öz dövlətində baş verənlər haqqında hesabat əvəzinə başlayacaq Azərbaycanın əleyhinə nəyi var deməyə. O cümlədən adı gedən abidənin şəkillərini də (təkcə onu yox) yayacaqlar. Təhrif olunmuş formalara salınmış şəkildə. Beləliklə, bütün mədəni irsimizi məhv edən Ermənistan qalacaq kənarda. Bayaq bir xanıma yazmışam ki, belə etməyin. 

Mənə yazır ki, "Bəs Xocalı?", "Bəs bizim abidələr?" və yaxud yazırlar ki, cəhənnəmə ki, beynəlxalq aləm bizim barədə belə düşünəcək, filan... Azərbaycan hakimiyyətini və bu sahədə fəaliyyət göstərən azsaylı vətəndaş cəmiyyətini pis vəziyyətə qoymağınızın fərqində deyilsiz. Sıradan olanlar bir yana, ictimai xadimlər, hakimiyyətdə təmsil olunanlar, iqtidar qəzetlərinin rəhbərləri də (əlbəttə hamısından söhbət getmir) girişib bu cür şəkillər, nifrət dili olan şərhlər yazmağa və yaymağa. Axı biz xalq olaraq heç vaxt vandalizmlə məşğul olmamışıq. Bizim ölkədə özgə mədəniyyətlərə həmişə hörmət olub və var. Hətta bizə düşmən olanların abidələrinə belə toxunmamışıq. Əminəm ki, ağzımızı açıb söz demək istəyəndə Ermənistan QHT-ləri və onları dəstəkləyən beynəlxalq QHT-lər bu şəkilləri tökəcək ortaya. Hər şeyi anlayıram. Nifrətiniz varsa içinizdə saxlayın. Dövlətimiz intiqam alacaq və alır. Amma hüquq müstəvisində. Necə ki, caniləri tutub mühakimə edirik, eləcə də hüquqi yollarla digər günahkarlar da cəzasını alacaq. Səbirli olun. Çalışın dövlətimizə ziyan vurmayın. 

 Qeyd: İşğalı xatırladan, caniləri qəhrəmanlaşdıran bütün "abidə" adlanan nə varsa sökülməlidir. Mən yazdığımın onlara aidiyyəti yoxdur. Anlayışınıza görə təşəkkür”.

  Sessiya bitsin, Xankəndiyə, Xocalıya... cümlə Qarabağa qayıdışımız başa çatsın,  baxaq görək, bu ucubə abidə cəhənnəmə, gora gedir, ya yox. Hələ ki səbirli olaq. Onu ortadan qaldırmağın üsulları çoxdur. Ağıllı, tədbirli adamlar bilir... Bu bizim münasibətimizdir.