Rusiya Ermənistana istədiyi anda hərbi müdaxilə edə bilər - ŞƏRH

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası hərbi təlimlərə başlayır. Bu barədə Gümrü meriyasının əhaliyə xəbərlığında qeyd olunub. Meriyadan əhaliyə çağırış edilib ki, oktyabrın 4-də saat 09:30-dan 16:30-a kimi bazanın poliqonunda təlimlər keçiriləcək, şəhərdə atəş səslərinin eşidilməsindən narahat olmasınlar.

Məsələyə münasibət bildirən siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, ümumiyyətlə Cənubi Qafqazda deyil, hazırda bütün dünyada  geosiyasi dəyişikliklər baş verir:

"Hətta yaxın gələcəkdə ölkələrin siyasi xəritələrinin dəyişməsini və bunun beynəlxalq arenada yavaş-yavaş tanınmasının da şahidi ola bilərik. Məsələn, Ukraynadakı əməliyyatlardan sonra cızılan yeni xəritələr  kompromislər yolu ilə tanınmağa başlaya, yaxud da Afrikada müəyyən dəyişikliklər yaşana bilər. Dünyanın hər bir regionunda bu kimi dəyişikliklərdən heç kəs sığortalanmayıb. Cənubi Qafqazda dünyanın ən qaynar nöqtələrindən biri kimi  təhdidlərə açıqdır. 

Hazırda Cənubi Qafqazda çox pis vəziyyətə düşən Ermənistan dövləti öz gələcəyini xilas etmək və daha güclü havadarlar tapmaq üçün fərqli yollara baş vururlar. Bunun ən bariz nümunəsini isə biz 200 illik Rusiya kimi etibarlı müttəfiqlərini satmalarında gördük. Birmənalı olaraq Ermənistan özünün ən böyük dəstəkçisi olan Rusiya dövlətinə qarşı bir növ xəyanət etmiş durumdadır. 
Hazırda Nikol Paşinyan hakimiyyəti Fransa başda olmaqla Qərb dairələrinə, o cümlədən ABŞ-ə yaxınlaşaraq daha güclü dövlət strukturu formalaşdırmağa çalışır. Amma öncə Cənubi Qafqazda Qərb ilə müttəfiq əlaqələrin qurulması  nə qədər faydalıdır ona baxmaq lazımdır. Çünki Cənubi Qafqaz tarixin heç bir mərhələsində Qərb dövlətlərinin təsir obyektinə düşməyib. Tarix boyu bu regionda Azərbaycan, Rusiya və Anadolu türklərinin dövlətçiliyi söz sahibi olub. 

Bu gün də həmin reallıq davam edir. Ermənilər belə bir vəziyyətdə Cənubi Qafqazda onlara yeganə havadarlıq edən Rusiyaya qarşı belə addımlar atdı. Şimal qonşumuz isə bu hərəkətlərə dəfələrlə sərt reaksiya verib. Məhz Roma razılaşmasının qəbulundan sonra Rusiya tərəfinin  müxtəlif səviyyələrdə bunun Ermənistan üçün acı nəticələr verəcəyi istiqamətində açıqlamalarına rast gəlirik. 

Bu da başa düşüləndir. Çünki Ermənistan dövləti Rusiyanın 200 illik bir planı idi. Həmçinin Cənubi Qafqazda Ermənistandan istifadə edərək Rusiya öz mövqeylərini bölgədə gücləndirirdi. Rusiya bunları bağışlamaq istəmir. Onlar düşünür ki, ermənilər hər şeyini Moskvaya borcluykən hazırda fərqli addımlar atır. Həmçinin Ermənistan Moskvanı düşdüyü çətin vəziyyətdə yarı yolda buraxır və onların əsas düşmənləri olan Qərb dairələri ilə yaxınlaşmağa çalışır. Amma Rusiya ermənilərin hər zaman bu xislətə sahib olduğunu anlamalı idi. Məsələn, Osmanlının zəiflədiyi dönəmdə də onları satıb, Azərbaycana yerləşdilər. Bir müddət sonra isə Azərbaycan türklərinə qarşı xəyanət etməyə başladılar. Ona görə də Gümrüdəki hərbi bazada keçrilən təlimlər Ermənistana göz dağıdır. Çünki 1997-ci ildə imzalanan razılaşma ilə Rusiya və Ermənistan həm də hərbi müttəfiqdirlər. Ona görə də, Rusiya bunu əsas gətirərək Ermənistana istədiyi vaxt hərbi müdaxilə edə bilər".