“Rusiya Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləmək üçün böyük potensial görür”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsinə baxılır. Biz bu layihənin həyata keçirilməsi ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Təbii ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə edilməsinin hazır olmasından asılıdır”.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov vurğulayıb ki, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi indi imzalansa, formal xarakter daşıyacaq:
"Çünki 1994-cü atəşkəs elan olunduğu təqdirdə Ermənistan buna əməl etməyib. 2020-ci ildə üçtərəfli bəyannamə imzalandı. Eyni zamanda Ermənistan tərəfi buna da əməl etmədi. 2021-ci ildə yenidən üçtərəfli bəyannamə imzalandı və bu dəfə də ermənilər buna uyğun hərəkət etmədilər. Hazırda sülh sazişi imzalansa, Ermənistanın ona əməl edəcəyinə dair bizdə zəmanət yoxdur. Əvvəlcə sülh müqaviləsinə mane olan baryerlər aradan qalxmalı və müəyyən şərait yaradılmalıdır. Buna görə də, xunta rejimini məhv etmək, Zəngəzur dəhlizini açmaq və sərhədlərin müəyyənləşməsi məsələsi öz həllini tapmalı idi. Azərbaycan sülhə əngəl olan xunta rejimini artıq aradan qaldırıb. İndi isə növbədə Zəngəzur koridorunun açılması və sərhədlərin müəyyənləşməsi məsələsi durur. Bu iki məsələ həllini tapdıqdan sonra sülh sazişi imzalana bilər. Azərbaycan sülh müqaviləsini istəyir, amma bunun üçün tələsmir.
Ümumiyyətlə Zəngəzur dəhlizinin açılmasına Rusiya maraqlıdır. Çünki Şimal qonşumuz bu yol vasitəsilə çox ciddi iqtisadi dividentlər əldə edə bilər. Rusiyanın mövqeyi sürüşkəndir. Zaman-zaman Ermənistanı dəstəkləyib, həmçinin Azərbaycanın da müəyyən vaxt yanında olub. Amma hazırkı məqamda Rusiya Azərbaycanın maraqlarını qəbul edən tərəfdir. Əlbəttə burada Rusiya və Azərbaycan arasında olan gərginlik də müəyyən qədər rol oynayır. Bu il ərzində Zəngəzur dəhlizinin açılması ehtimal olunur. Həmçinin bu yolun açılması ilə bağlı İran, Ermənistan tərəfindən müəyyən təmaslar gedir. Türkiyə dövləti xüsusi təşəbbüskarlıq göstərir.
Bu dəhlizin açılması bütün regionun xeyrinə olacaq və bölgədə iqtisadi canlanma baş verəcək. Hətta Zəngəzur dəhlizinin açılmasına qarşı olan tərəflər belə bu məsələdən qazanacaqlar. Azərbaycanın Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi Xələf Xələfov və İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında görüş zamanı Zəngəzur dəhlizinin açılması məsələsinin gündəmdə olduğunu düşünürəm. Həmçinin İran tərəfindən verilən açıqlamalar onların Zəngəzur dəhlizinin açılmasında maraqlı olduqlarından xəbəb verir. Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq və bütün region ölkələri bunu dəstəkləyəcək".