Rus sülhməramlılar nə vaxta qədər torpaqlarımızda qalacaq?  - Analiz

Rusiya sülhməramlıları 2023-cü ilin noyabrın 1-dək Qarabağı tamamilə tərk edəcəklər.

Bu barədə rusiyapərəst erməni bloger Mika Badalyan Teleqram səhifəsində məlumat paylaşıb.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, Rusiya sülhməramlıların Azərbaycan torpaqlarında olmasının başlıca səbəbi 10 noyabr sazişidir:

"Yəni sülhməramlıların burada olması  erməni sakinlər və Azərbaycan arasında bir qoruyucu mövqe idi. Amma indi bu qoruyuculara ehtiyac yoxdur. Çünki Qarabağda artıq erməni qalmayıb. Hələ sülhməramlıların bölgəni nə vaxt tərk etməsi Rusiya və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiqini tapmayıb. Sadəcə olaraq bu Mika Badalyanın verdiyi bir informasiyadır. M. Badalyan bu məlumatı haradansa, almış ola bilər. 
Xatırladaq ki, erməni blogerlər tərəfindən əvvəl yayılan fikirlər öz təsdiqi tapmışdı. Biz inanaq ki, noyabrın 1-nə qədər Azərbaycanda rus əsgəri qalmayacaq. Amma Rusiyanın imperialist və şovinist siyasətinə fikir versək,  bölgədə qalmaq üçün başqa səbəb fikirləşə biləcəyini də nəzərdən keçirməliyik. Məsələn, Azərbaycanda qalmış bir neçə min ermənini qorumaq səbəbini irəli sürə bilərlər. Bu isə Rusiya hərbçilərindən gözlənilə bilən hadisədir. Digər tərəfdən rus sülhməramlılarının bölgədə daha çox qalmasını Azərbaycanda qalmış ermənilər də həyata keçirə bilər".