İran anlaşmaya əməl etmədi
İranın “Nur 3” peykinin buraxılışı beynəlxalq məhdudiyyətlərə məhəl qoymamaqdır.
Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“Almaniya öz tərəfdaşları ilə birlikdə Tehranın nüvə silahı istehsalının qarşısını almaq üçün bütün mövcud diplomatik üsullardan istifadə etməyə sadiqdir”, - Xarici İşlər Nazirliyi vurğulayıb.
Nüvə silahı istehsalını kontrol etmək məqsədilə imzalanmış "Bərcam müqaviləsi"ndə rəsmi Tehranın öhdəlik götürdüyünü deyən siyasi şərhçi Məhsa Mehdili "Sherg.az"a bildirib ki, Almaniyanın da üzv olduğu ölkələr arasında İran ilə anlaşma olmuşdu:
"Ancaq bu zaman içərisində İran bu müqaviləyə əməl etmədi və nüvə silah istehsalına davam etdi. Buna görə də Atom Enerji üzrə Beynəlxalq Agentliyin kontrol və qaydalarına uymadığı üçün İranın bu anlaşması ləğv edildi. Əslində, bunu ləğv edən tərəfin biri də rəsmi Tehranın özü idi. Çünki onların buradan gözləntiləri var idi. Məsələn, Sipah terror qruplaşmasını bu siyahıdan çıxarmaq istəyirdilər. Almaniyanın bu açıqlaması gözlənilən idi, amma yetərli deyil. Bu isə onu göstərir ki, İran uzun illər "anlaşma kontrolunda qalıram" deyərək zaman qazanıb. Bu anlaşmanı İran ilə edən tərəf ölkələrdən biri də Almaniya idi. Ona görə də indi öz mövqeyini sərgiləyir. Amma Avropanın bu reaksiyası o qədər də önəmli deyil. Unutmayaq ki, Almaniya İranın ən böyük ticari şəriklərindən biridir. Bu səbəbdən Avropa, məsələ İran olanda çox da reaksiya göstərmir. Əgər rəsmi Tehranın yerinə Türkiyə və Azərbaycan olsaydı, Avropa, yaxud da Almaniyanın təpkisi çox sərt olardı".