Yaxın zamanda rus sülhməramlılarını yola salacağıq  - ŞƏRH

Bir neçə gün öncə həftəlik brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirmişdi ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti regiondakı vəziyyətə əsasən Bakı ilə təmasda müəyyən ediləcək.

Həmçinin ötən gün Rusiya Prezidenti Vladimir Putin“Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda vurğulayıb ki, Azərbaycan sülhməramlıların statusu ilə bağlı əlavə razılaşma imzalamağa ehtiyac görməyib və buna ehtiyac da yox idi.

“Azərbaycan hesab edirdi ki, buna ehtiyac yoxdur, Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”, - Rusiya prezidenti bildirib.

Bu gün  isə Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti İrəvana səfər edəcək.

Bu  barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.


“Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan getməsinin konkret vaxtı müzakirə olunacaq”, - mənbə bildirib.

Məsələyə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında söyləyib ki, artıq yeni bir gerçəklik yaranıb. Bu reallığı yaradan isə Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləridir:

"Azərbaycan bütün suverenliyini tamamilə bərqərar etdikdən sonra Ermənistanın bu prosesdə iştirakına hüququ cəhətdən lüzum qalmadı. Bu baxımdan məsələni Rusiya Ermənistan MN-nin nümayəndələri arasında müzakirə predmetinə çevirməyin özü çox böyük addımdır. Onlar görüşərək istənilən məsələni masaya yatıra bilərlər. Amma burada tək qərar verə biləcək tərəf Azərbaycandır. Rusiya hərbi kontingentinin sülhməramlı missiyası şəklində bu yöndə konkret mandatı olmayıb. Sadəcə Rusiya dövlətinin hərbi kontingenti Qarabağda mövcud olub. Onların isə missiyası artıq bitmək üzrədir. Çünki yeganə vəzifələri atəşkəsi təmin etməkdən ibarətdir. Bu gün Qarabağ ərazisində qanunsuz silahlı birləşmələr olmadığına görə atəşkəsi qorumağa ehtiyac qalmayıb. Artıq Rusiya hərbi kontingentinin yaratdığı keçid məntəqələri bir-bir ləğv olunur. Çox yaxın zamanda Azərbaycan dövləti Rusiya hərbi kontingentinin əlini sıxaraq böyük müfəvvəqiyyət ilə gəldikləri yerə yola salacaq".

Qeyd edək ki, 2020-ci il noyabrın 9-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.