Fansa hərbçiləri Ermənistana gəlib.
"Sherg.az" Axar.az-a istinadən xəbər verir ki, Fransa mülki təhlükəsizlik qüvvələrinin 56 hərbçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası, 2 ton avadanlıq və 2 xilasedici it dünən axşam saatlarında İrəvana gəlib.
Rəsmi məlumatda qeyd olunur ki, Fransa hərbçiləri Ermənistan və Avropa İttifaqının xilasediciləri ilə birlikdə “HOPE 2023” təlimində iştirak edəcəklər. Kipr və Monteneqronun axtarış-xilasetmə qrupları da Ermənstandadır.
Fransa hərbi heyəti “mülki təhlükəsizlik” təlimlərində iştirak etmək üçün Ermənistana gəlsə də, bu, rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir. Son günlər Fransa Ermənistanın təhlükəsizliyində rolunu artırmaq istiqamətində addımlar atır. Anri-Rusiya siyasi xətti tutan İrəvan da KTMT-dən çıxmaq və rusları fransızlarla əvəzləmək niyyətindədir. Bu baxımdan, “mülki təhlükəsizlik” təlimləri üçün Fransadan gələn hərbi heyətin Ermənistana yerləşdiriləcəyi istisna edilmir.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında vurğulayıb ki, bu cür addımlar müxtəlif adlar altında fransız hərbçilərinin Ermənistanda yerləşdirilmə prosesidir:
"Digər söylənilən fikirlər sadəcə bir bəhanədir. Ermənistanın Rusiyanın himayəsindən çıxaraq, alternativ təhlükəsizlik sistemlərə inteqrasiya etməsinə qərar verməsi artıq hiss olunur. Ona görə də, belə təlimlər ayrı-ayrı adlar şəklində təqdim edilə bilər. Ancaq məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçirilib. Ermənistan isə bunu açıq şəkildə etmir. Çünki hələ də Rusiyanın nüvəsi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. KTMT-nin üzvü olarkən başqa hərbi təşkilat və dövlət ilə bu kontekstdə müqavilələrin bağlanılması mümkünsüzdür. Təhlükəsizliklə əlaqəli Ermənistanın Rusiya ilə 49 illik müqaviləsi var. Bu razılaşma isə hələlik ləğv olunmayıb".
Ekspert onu da bildirib ki, Fransa hərbçilərinin Ermənistana getməsi qarşıdurmalara gətirib çıxara bilər:
"Rusiya da bunu çox həssas izləyir və Ermənistanın öz orbitindən çıxmağa başladığını anlayır. Şimal qonşumuzun keçirdiyi heç bir hərbi, siyasi təlimlərdə artıq Ermənistan iştirak etmir. Hətta Bişkəkdə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) tədbirinə belə Ermənistan aşağı statuslu məmurlar vasitəsilə qatılır. Bununla rəsmi Moskvanın moderatorluğu altında Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər Nazirinin görüşünə də ehtiyac qalmadığını ortaya qoyur. Bundan öncə Qırğızıstanda olan KTMT-nin hərbi təlimində də Ermənistan birmənalı olaraq iştirak etmədi. Demək olar ki, Ermənistan Rusiyadan qopmağa başlayıb. Şimal qonşumuzun hadisələrə reaksiyalarını yaxın perspektivdə görəcəyik. Nikol Paşinyanın Ermənistanı qlobal güclərin maraqlarının toqquşduğu məkana çevirməsi onlara müsbət mənada heç nə vəd etmir. Fransanın bu şəkildə Ermənistanı idarə etməsi də onlar üçün yaxşı bir şey demək deyil. Çünki Fransa Azərbaycanla Ermənistan arasındakı sülh prosesində dağıdıcı ünsür rolunu oynayır. Bu günə qədər sülh sazişinin imzalanmamasının ən başlıca səbəbi Fransadır. Bu isə nə Ermənistana, nə də bölgəyə yaxşı bir gələcək vəd edir.
Azərbaycan tərəfindən Ermənistanın başına vurulan "dəmir yumruğ"un səbəbi özləridir. Bu günə qədər Ermənistanın müxtəlif bəhanələrlə sülh prosesini yubatması növbəti hərbi əməliyyatların başlamasına səbəb olub. Nikol Paşinyan hakimiyyətinin Qarabağda keçirilən bir günlük lokal xarakterli antiterror tədbirlərindən də ciddi nəticələr çıxardığını görmürük. Növbəti hərbi toqquşma və Ermənistanın başının əzilmə ehtimalı heç də uzaqda deyil. Ermənistan əhatə olunduğu qonşu dövlətlərlə dostluq şəraitində yaşamasa, onların təhlükəsizliyini və inkişafını təmin etmək olmaz. Çünki bütün kommunikasiya və çıxışlar qonşu ölkələrin ərazisindən keçir. Regional formatlarda olan görüşlərdən rəsmi İrəvanın imtinası ortaya qoyularsa, bu, Ermənistan dövlətinin gələcəyinin üstündən xətt çəkə bilər".