Ukrayna qoşunları əks-hücum əməliyyatlarını davam etdirərək Zaporojye vilayətinin qərbində Verbovoy yaxınlığında, eləcə də Klişeyevka və Andreyevka yaxınlığında irəliləyiblər.
Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ukrayna qoşunları Verbovoydan qərbdə (Orexovdan 18 km cənub-şərqdə), həmçinin Klişeyevka (Baxmutdan 5 km cənub-qərb) və Andreyevka (Baxmutdan 10 km cənub-qərb) yaxınlığında qismən uğur qazanıblar. Rusiyalı hərbi blogerlər yağışların Ukraynanın cənubunda görmə qabiliyyətini azaltdığını, Rusiya və Ukraynanın kəşfiyyat PUA əməliyyatlarına mane olduğunu iddia ediblər. Bir rus əsgəri yerin tam islandığını və maşınların hərəkətinə mane olduğunu iddia etsə də, başqa biri yerin hələ ağır texnikanın hərəkətinə mane olacaq qədər palçıq olmadığını qeyd edib”, - məlumatda deyilir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, bunu müharibədə uğurlu addım adlandırmaq olmaz. Çünki Ukrayna tərəfindən təsdiqlənmir:
"Adətən müharibə aparan dövlətlər öz əsgərlərini ruhdan salmamaq üçün adi bir əməliyyatı şişirdirlər. Bu, təbii haldır və ordu motivasiyası olunmalıdır. Amma Ukraynanın bu istiqamətdə irəliləməsini daha çox amerikanlar arzu edir. Eyni zamanda yanaşmalarıda fərqlidir. Yəni, bir növ Ukraynanı müharibəyə təşviq edirlər. Onsuz da ABŞ heç nə itirmir. Onun məqsədi sadəcə olaraq Rusiya dövlətini çökdürməkdir. Rusiya isə hələ öz maraqlarına uyğun olaraq hərəkət edir. Müharibənin uzun çəkməsi ABŞ-nin istəklərinə uyğundur.
Rusiya da bu savaşdan özü üçün müəyyən nəticələr çıxardır. Müharibənin məqsədinin Rusiyanı iqtisadi cəhətdən zəiflətməyə yönəldiyini bilir. Amma Şimal qonşumuz iqtisadi cəhətdən itirdiklərini Ukrayna ərazisindən götürdükləri ilə kompensasiya edir. Hələlik hesab burada 0:0 olaraq qalır. Müvəqqəti geri çəkilmələr və irəliləyişlərə Ukraynanın qələbəsi demək olmaz. Bu müharibə Qərbin lahiyəsi idi, Volodimir Zelenski isə onu icra etdi. Hələ 2018-ci ildə Zeleniski hakimiyyətə gələn zaman Ukraynanı Azərbaycanın 1992-ci ildəki taleyi gözləyir demişdim. Şoumendən heç vaxt dövlət başçısı olmaz. Ölkə Prezidenti peşəkar olmalıdır. Ona görə də, Zelenskinin müharibəni udmaq qabiliyyəti belə yoxdur. Ukrayna artıq hərbi cəhətlə yanaşı siyasi tərəfdən də müharibəni uduzmağa başlayıb. Hadisələrin gedişinin Ukraynanın xeyrinə olmadığı görünür. Sadəcə olaraq Qərbin, xüsusilə də ABŞ-nin maraqları burada təmin olunur".