Taxıl dəhlizi açılacaq?  - Zelenski "hə" deyir, Rusiya isə...

Zelenski taxıl dəhlizinin tezliklə açılacağını bildirib

Ukrayna yaxın vaxtlarda Moldova ərazisindən keçməklə Rumıniyaya taxıl dəhlizi açmağı planlaşdırır.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski rumıniyalı həmkarı Klaus Yohannis ilə gorüşündən sonra keçirilən mətbuat konfranslnda deyib.

Zelenski deyib ki, o, Yohannislə “təkcə limanları deyil, bütün regionu – Ukrayna, Moldova və Rumıniyanı qorumaq üçün mümkün birgə tədbirləri” müzakirə edib.

Zelenskinin fikirlərinə münasibət bildirən siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a bildirib ki, məsələyə Ukrayna nöqteyi-nəzərdən yanaşanda taxıl daşınması üçün heç bir yolun olmamasındansa, ən cüzi addımların olması belə daha faydalıdır: 

"Çünki zamanla bu xırda addımlar inkişaf edərək, daha geniş nəqliyyat dəhlizinə çevrilə bilər. Ümumi götürdükdə bu dəhlizin dünya üçün nə qədər əhəmiyyətli olacağını söyləmək çətindir. Ona görə ki, əvvəl Ukrayna taxılı Qara dəniz vasitəsilə daşınırdı. Bu isə daha etibarlı tərəflər ilə razılaşdırılmış yol idi. Hətta Ukraynanın müharibədə olduğu Rusiya dövləti ilə anlaşılmış nəqliyyat dəhlizi idi. Bu yolun Türkiyə və BMT kimi əhəmiyyətli tərəfdaşlarının olduğunu nəzərə alaraq, Ukrayna taxılına olan tələbat və alıcı sayı artırdı. Bu da rəsmi Kiyevə böyük üstünlüklər gətirirdi. Ukraynanın alternativində olan dəhlizin xəritəsi Moldova və Rumıniyadan keçir. Təbii ki, buradan daşınan taxılın Qara dənizlə müqayisədə tərəfdaşlarının sayı az olacaq. 
Çünki Rusiya öncədən bildirmişdi ki, onunla razılaşdırılmadan açılan hər hansı bir yol və oradan edilən daşınmalar hərbi hədəf sayılacaq. Düzdür, Moldova və Rumıniya ərazisində bunlar hədəf kimi götürülə bilməz. Amma Ukraynadan çıxan taxıl daşıyan karvan öz ərazisində alıcılar üçün etibarlı olmayacaq. Rusiya hər an onları vura bilər. Qara dənizdəki qədər effektiv olmasa da, bu dəhlizin yaradılması Ukraynaya yeni iqtisadi qaynaq yarada və Rusiyanın onun üçün formalaşdırdığı blokadaya  bənzər situasiyadan çıxması üçün real addım ola bilər. Bunu isə Şimal qonşumuzun mövqeyindən asılı olaraq görəcəyik. Rusiya həmin yolu nəzarətə götürmək üçün əməliyyatlara başlasa və uzun mənzilli raket ilə taxıl karvanlarını vuraraq məhv etsə, artıq bu dəhliz etibarsızlaşacaq. Eyni zamanda kimsə oradan taxıl daşınmasında maraqlı olmayacaq".

Analitik onu da vurğulayıb ki, Zelenskinin bu qərarı Ukraynada baş verənlərdə yenə hərarətin artmasına hesablanmış ola bilər:

" Zelenski dünən bildirmişdi ki, İsrail və Fələstində baş verənlər dünya dövlətlərinin Ukraynaya diqqətinin azalmasına gətirib çıxara bilər. Bu açıqlamadan sonra taxıl dəhlizi ilə bağlı qərar verməsi Zelenskinin məqsədinin Ukraynada gərginliyi yenidən alovlandırmaq olduğunu deməyə əsas verir. Rusiya hər halda çox böyük daşınmaların həyata keçrilməyəcəyi taxıl koridorunu vurmaz deyə düşünürəm. Çünki əgər İsrail Fələstin münaqişəsi daha geniş areala yayılsa, Amerika və Qərb mərkəzləri diqqətlərini Ukraynadan çox İsrailə yönəldəcəklər. Yaxın Şərq həm bölgə olaraq daha önəmlidir, həm də orada dünyaya hakimlik məsələsi daha qabarıqdır. Buna görə, Vladimir Putin yenidən Rusiyanı Qərb dövlətlərinin əsas hədəfinə çevirmək istəməz. Amma Zeleniski taxıl koridorunu açaraq, gedərək onu  daha da genişləndirsə, öz maraqlarına çatar və yenidən diqqətləri Ukraynaya yönəltmiş olar. Rusiya isə Ukraynanın iqtisadi baxımdan alternativ gəlirlər əldə etməməsi üçün həmin yolu bloklamağa görə müxtəlif addımlar atmaq məcburiyyətində qala bilər".