Ermənistan mina xəritələrini könüllü verməyəcək  - Aytən Qurbanova

Beynəlxalq ictimaiyyət Ermənistana müraciət edərək günahsız insanların həyatını xilas etmək üçün mina xəritələrini Azərbaycana verməsini tələb etməlidir”.

Bunu Beynəlxalq Kəşmir Qrupunun (Pakistan) icraçı direktoru Məhəmməd Zaman deyib.

“Hər il müxtəlif ölkələrdə mina terroru nəticəsində 5 mindən çox insan ölür, 15-20 min nəfər isə ağır yaralanır. Azərbaycanın Qarabağ bölgəsi 30 il ərzində Ermənistanın işğalı dövründə kütləvi şəkildə minalanıb. Münaqişə başa çatdığına və azərbaycanlı mülki əhali bu ərazilərə qayıtmağa başladığına görə Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırırıq. Bu, insanların həyatını xilas edəcək və bizi minasız dünya yaratmağa daha da yaxınlaşdıracaq”, - o vurğulayıb.


Məsələyə münasibət bildirən politoloq Aytən Qurbanova "Sherg.az"a açıqlamasında vurğulayıb ki, bu günə qədər mina xəritələrinin verilməsi ilə bağlı həm Azərbaycan tərəfi, həm də bir çox ölkələr fərqli platformalarda Ermənistana müraciətlər ünvanlayıblar:

"Amma çox təəssüflər olsun ki, Ermənistan  hər zaman mina xəritələrini danışıqlar prosesində təzyiq vasitəsi olaraq istifadə edə biləcəyini düşündüyü üçün heç vaxt buna razı olmayıb. Hətta Amerikanın və ya Gürcüstanın vasitəçiliyi ilə verilən mina xəritələrinin demək olar ki, heç birinin reallıqla üst-üstə düşməməsi faktı da artıq hər kəsə məlumdur. Ümumiyyətlə, Ermənistan kimi işğalçılıq ideologiyasını mənimsəmiş bir dövlət üçün insan həyatının önəminin olmadığının şahidiyik. Eyni zamanda öz hədəflərinə çatmaq üçün bütün müharibə cinayətlərini həyata keçirməkdən çəkinməyəcəyini ikinci Qarabağ müharibəsi dövründə mülki insanları hədəf aldığı və ya müharibə bitdikdən sonra işğaldan azad olunmuş ərazilərimizə yeni minalar yerləşdirildiyi zaman aydın şəkildə gördük. Ona görə də, düşünmürəm ki, Ermənistan könüllü şəkildə bu çağırışlara cavab olaraq mina xəritələrini versin. Yaxud da  təhvil versə  belə, həmin xəritələr həqiqəti, reallığı əks etdirməyəcək".

Qeyd edək ki, bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb.

Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.