Paşinyan istərdi ki, onlar da Qarabağda olsunlar  - ŞƏRH

Qarabağın satqın "prezidentlərinin" simvolik və biabırçı sonu Ermənistan və Azərbaycan tarixinin salnaməsinə düşəcək.

"Sherg.az" Axar.az-a istinadən bildirir ki, bunu erməni fəal Usik Markosyan deyib.

"Eyni vaxtda (toplu şəkildə) üç keçmiş "prezident" həbs edilib: 
Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan. Ən əsası isə onlar düz sülhməramlı qüvvələrin qərargahında qandallandılar. Gülməli, həm də üzücüdür ki, bu, ermənilərin deyil, azərbaycanlıların uğurudur. Qarabağın ilk "prezidenti" Robert Köçəryanın bu siyahıda olmaması da təəssüf doğurur. Ümid edək ki, heç olmasa, Ermənistan ona qandal vuracaq", - o bildirib.


Usik Markosyanın fikirlərinə münasibət bildirən politoloq Rusif Məmmədsoy "Sherg.az"a söyləyib ki, ermənilərin nə deməsindən asılı olmayaraq ümumiyyətlə bölgədə proseslərin hansı mənzərədə davam etməsi hər kəsə bəllidir:
"Xüsusilə də, bu müstəvidə Azərbaycanın uğurlarını heç bir halda gözardı etmək olmaz. Bu gün Azərbaycan nəinki qondarma "Dağlıq Qarabağ" respublikasını ləğv etdi, eyni zamanda onların indiki və keçmiş "prezident"lərinin də əlinə qandal vuraraq Bakıya gətirdi. Bunlar bəlkə də misli görülməmiş hadisələrdir. Bunu isə Azərbaycan ordusu və hakimiyyətinin siyasi iradəsi həyata keçirir. Separatçılar arasında Ermənistana tərəf qaça bilən şəxslər özlərini azad olunmuş kimi hiss edirlər. Əgər onlar Azərbaycanın bugünkü sərhədləri daxilində olsalardı, bizim qanunlar qarşısında cavab verməli olacaqdılar. Xüsusilə Robert Köçəryanı və Serj Sarkisyanı da bu siyahıya aid etmək olar. Həmin insanların indi Ermənistandan gətirilərək həbs edilməsinin nə qədər real olduğunu söyləmək çətindir. Amma onların  törətdikləri cinayətə görə haqqlarında axtarış verə bilərik. Robert Köçəryan və Serj Sarkisyan canlarını hələlik qurtara bidikləri üçün sevinirlər. Bu gün Nikol Paşinyan da bu şəxslərin Qarabağda olmasını arzu edərdi. Çünki Azərbaycan onları da sıradan çıxarsa, Paşinyana qarşı formalaşan radikal müxalifətin nəfəsi kəsilmiş olacaq".