Bu ölkə bütün işini-gücünü ataraq Azərbaycana qarşı qərəzli siyasət yürüdür
Fransanın təşəbbüsü ilə bir neçə dövlət 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat veriblər.
Bəyanatda Qarabağdan Ermənistana köçən erməni əhalisinə “qaçqın statusu”nun verilməsi iddiası irəli sürülüb.
Görünən odur ki, Fransa yenidən azərbaycanlılara qarşı ayrı-seçkiliklə və Azərbaycanın ünvanına əsassız ittihamlarla bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaq niyyətindədir.
Məsələyə münasibət bildirən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Sherg.az"a vurğulayıb ki, lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan ərazilərində yaşayan ermənilərin məcburi deyil, könüllü şəkildə getmələri hər kəsə bəllidir:
"Bunu həm BMT missiyası, həm də ayrı-ayrı müvafiq qurumların və dövlətlərin nümayəndələri həmin ərazilərdə olan zaman təsdiqləyiblər. Yəni, burada zorakılıqdan və hər hansı şəxslərin çıxarılmasından söhbət gedə bilməz. Bütün bunlardan sonra xüsusilə də, BMT-də belə bir məsələnin müzakirə olunması prinsip etibarilə Fransa və ədalətsizliyə göz yuman insanlar tərəfindən həyasızlığın axırıncı nümunəsidir. BMT-in İnsan haqları komitəsində Azərbaycan ilə bağlı belə müzakirələrin olması absurd fikirdir. Belə çıxır ki, BMT-nin təchizatları bir-birinin əleyhinə çalışır və ziddiyətli bəyanatlar ilə çıxış edirlər. Əslində bu gözlənilən idi. Çünki Fransa faktiki olaraq bütün işini-gücünü ataraq Azərbaycana qarşı qərəzli siyasət yürüdür. Bunun isə bir neçə səbəbləri var. Fransa beynəlxalq müstəvidə öz mövqeylərini itirməkdədir. Sonuncu dəfə Nigerdən fransızların necə çıxışının hər kəs şahidi oldu. Beynəlxalq aləmdə özünü super dövlət hesab edən Fransa artıq öz müstəmləkəlində belə söz keçirmək iqtidarında deyil. Fransanın mövqeyləri günü-gündən zəifləməkdədir.
Bu aspektdən indiki şəraitdə Fransanın Cənubi Qafqazı hədəfə alması məqsədyönlü xarakter daşıyır. Birincisi daxili siyasətə hesablanmış amildir. Çünki Fransada hazırda aşırı millətçilik olaraq birinci yerdə dayanır. Hətta ABŞ-nin hesabatlarında belə Fransanın ən irqçi dövlət olduğu xüsusilə vurğulanır. Emmanuel Makron aşırı sağçıların etimadını qazanmaq üçün erməni məsələsini gündəmdə saxlamaq və xristian tərəfkeşliyini nümayiş etdirməklə öz mövqeylərini daxili siyasətdə möhkəmləndirməyə çalışır. Çünki nüfuzunu uzun illərdir düşməkdədir və növbəti seçkilərdə hər hansı formada qazanmaq ehtimalı yoxdur. Digər tərəfdən beynəlxalq münasibətlər sistemində Fransanın mövqeyləri zəiflədiyi üçün başqa-başqa bölgələrdə, yaxın Şərqdə, Afrikada və Cənubi Qafqazda özünü aktiv oyunçu kimi göstərməyə çalışır. Eyni zamanda Ermənistan vasitəsilə bölgə dövlətlərinə təzyiq xarakterli addımlar atmaqla öz mövcudluğunu nümayiş etdirir".