Sovetdənqalma instinkt...

İstilik istəyənlər noyabrın 15-ni gözləməlidir

Bunun iqtisadi, sosial, qənaət rejiminə heç bir aidiyyəti yoxdur

“Azəristiliktəchizat” ASC təbii qazı əhaliyə pulsuz vermir ki, düşünsün, bir az qənaət edək, noyabrın 15-dən verək”
  Havalar soyuyub, əllər istiliyə doğru uzanır. Qaz plitəsində isitmək olur. Mənzillərdəki radiatorlar, istilik cihazları isə əlləri qızıtmaq əvəzinə, buz kimi kəsir. Onlara istilik verilməyib çünki. Yaxın günlərdə veriləcəyi də gözlənilmir. Paytaxt sakinləri hələ 1 ay gözləməlidirlər ki, noyabrın 15-si gəlib çatsın, mənzillərə istilik verilsin.

  “Azəristiliktəchizat” artıq məlumat da verib ki, mərkəzi istilik sistemiylə qızınanlar noyabrın 15-ni gözləməlidir. "Azəristiliktəchizat" ASC-dən "Trend"ə bildirilib ki, Bakıda bu il də istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub: “İstilik sisteminə sayğacın quraşdırılmasına gəlincə, bu yalnız qeyri-əhali istehlakçıları üçün planlaşdırılır. Hazırda bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür. Noyabrın 1-dən isə istilik mövsümü başlayacaq rayonların sayı 14-ə çatdırılacaq. Həmin rayonlar - Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Şuşa, Qusar, Xaçmaz, Qəbələ, Quba, Şamaxı, Siyəzən, Şabran, Lerik və Yardımlıdır. Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib”. Aydındır, adəçəkilən bölgələrdə havalar daha tez soyuyur, iqlim şəraiti daha sərt keçir. Bundan sonra yazacaqlarımız isə bizim mövqeyimizdir. Paytaxtda da havalar soyuyub. Oktyabrın 11-i günorta saatlarından havanın temperaturu xeyli aşağı düşmüşdü, Bakının məşhur küləyi də “at oynadırdı”. Axşam da hava soyuq idi, gecə yağış başladı, səhər saatlarında da paytaxtda soyuq hava kütləsi üstün idi. Belə havalarda insanların mənzillərdə istiliyə təbii ehtiyacı yaranır. Mənzilində soyuqdan yumağa dönən əhali nə edir? Əlbəttə ki, mətbəxdəki qaz plitəsinə gələn təbii qazın təzyiqini artırır, otaqda elektrik istilik cihazı yandırır. İstənilən halda vətəndaş qızınmaq üçün bir yol, vasitə tapır. Mətbəxdəki qaz plitəsinə gələn mavi yanacaq da hökumətin “təsdiqlədiyi” az miqdarda təbii qaz limitindən sərf olunur, elektrik istilik cihazının elektrik enerjisi sərfiyyatının pulunu da yenə vətəndaş ödəyir. Belədir, vəziyyət. O zaman “istilik mövsümü noyabrın 15-dən başlanır”, nə deməkdir və niyə qaz sənayemiz hələ də sovetin köhnəlmiş qanunlarıyla idarə olunur?
 
 İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bunu sovetdənqalma instinkt adlandırdı:

- “Noyabrın 15-i istilik mövsümü başlayır” məsələsi instinktiv olaraq sovetdən qalıb, hələ də davam edir. Bunun iqtisadi, sosial, qənaət rejiminə heç bir aidiyyəti də yoxdur. Mənasız bir yanaşmadır. Soruşsan, özləri də səbəbini, hər hansı iqtisadi əsasını söyləyə də bilməzlər. Dünyada bunun analoqu da yoxdur. Qabaqcıl ölkələrdə şəhərlər bələdiyyələr tərəfindən idarə olunur. Bələdiyyələr qərar verir istilik sisteminin nə zaman işə salınmasına. Bu da malik olduqları resurslara və iqlim şəraitinə uyğun təyin edilir. İqlim şəraiti demişkən, hazırda dünya qlobal istiləşmə böhranı ilə üz-üzə qalıb. Kəskin iqlim dəyişikliyi prosesi gedir. Yay çox isti, qış çox soyuq keçir. Fəsillər arasındakı əlaqə demək olar, itib. Yayda payız havası, payızda yay, qışda bəzən yay havası müşahidə edilir. İnsanlar özləri mənzillərdə istiliyi tənzimləyirlər. Hava soyuq olanda istiliyin təzyiqini artırırlar, hava isti, mülayim olanda azaldırlar, ya da şəbəkədən ayırırlar. Hazırkı dövrdə istilik mövsümü anlayışı ilə hərəkət etmək, buna konkret vaxt qoymaq, açığı, məntiqsizdir. Əhali sərf etdiyi mavi yanacağın da, elektrik enerjisinin də, suyun da pulunu ödəyir. Kim hava isti olduğu halda mənzildə istilik cihazı yandırır? Normal insan bunu etməz də. Siz vətəndaşı istiliklə təmin edin, o özü nə qədər istifadə etməli olduğunu tənzimləyəcək, sərf etdiyi mavi yanacağa görə də ödəniş edəcək. Axı burada nə problem var ki, 30 ildir müstəqilik, təbii ehtiyatlarımıza özümüz sahibik, amma yenə də “noyabrın 15-i, aprelin 15-i qrafiki saxlanılır?!
  
N.Cəfərli qeyd etdi ki, “Azəristiliktəchizat” satıcı şirkətdir. Əksinə, onun marağında olmalıdır ki, daha çox istilik satıb, daha çox gəlir əldə etsin:

- “Azəristiliktəchizat” ASC təbii qazı əhaliyə pulsuz vermir ki, düşünsün, bir az qənaət edək, noyabrın 15-dən verək. “Azəristiliktəchizat”la bazarda alma satanın mahiyyət etibarilə heç bir fərqi yoxdur. Lakin fəaliyyətlərində fərq var. Alma satan çalışır, malını daha çox satsın, qazanc əldə etsin, amma “Azəristiliktəchizat” malını satmır, saxlayır, nəticədə gəlirini itirir. Bu situasiyada alma satan daha ağıllı görünür. Əhali sərf etdiyi mavi yanacağın pulunu ödəyirsə, mavi yanacağın verilməsi zamana, mövsümə bağlı olmamalıdır.

  N.Cəfərli qazanxanalar məsələsinə də toxundu:

- Hazırda qazanxanalar da lokal xarakter daşıyır artıq. Bir neçə yaşayış binasının bir qazanxanası var, yeni tikililərdə ümumiyyətlə özəl qazanxanalardı. Onları işə salmaq çox asandır. İşə salsınlar, pul qazansınlar. 
“Azəristiliktəchizat” da bunda maraqlı olmalıdır, fərdi qazanxanalar da. Burada qənaət ediləcək bir şey də yoxdur. Yanacağı satırsan, pulunu alırsan. Mavi yanacağı mövsümə bağlamaq” ənənəsi niyə ortadan qalxmır, izah etsinlər, səbəb nədir.
 
 N.Cəfərli “Azəristiliktəchizat”ın səhmdar cəmiyyət olaraq Nazirlər Kabineti qarşısında məsələ qaldırmaq hüququnun olduğunu da dedi.