Sumqayıtdan paytaxta qatar erkən saatlarda hərəkət etməlidir

Heç bir stansiyada dayanmayacaq

Çünki Bakıya işə gələnlər daha çoxdur, nəinki Bakıdan Sumqayıta işə gedənlər
  
Sabahdan “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Sumqayıt-Bakı “Ekspress” qatarı fəaliyyətə başlayır. Səhmdar cəmiyyətin bununla bağlı məlumatında bildirilir ki, məqsəd sərnişin sıxlığını azaltmaqdır. “Ekspress” qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək. Qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45-də və 20:05-də hərəkət edəcək.
  Son zamanlar sərnişinlərin sürət qatarlarına üstünük verməsi müşahidə edilir. Əhali tıxaclarda qalmamaq üçün dəmir relslər üzəriylə hərəkət etməyi seçirlər. Ən sürətli və rahat, tıxac problemindən uzaq ictimai nəqliyyat vasitəsi birinci növbədə, əlbəttə ki, metrodur. Metrodan sonra ikinci pilləni isə dəmir yolları tutur. Bakı-Sumqayıt elektrik qatarı, Bakıətrafı qəsəbələrə hərəkət edən qatarlar, həmçinin Bakı-Ağstafa-Bakı sürət qatarı sərnişinlərin daha çox istifadə etdiyi nəqliyyat vasitələridir. Bakı-Sumqayıt-Bakı “Ekspress” qatarının bundan sonra birbaşa hərəkət edəcəyi, heç bir digər stansiyada dayanmayacağı da sərnişinləri sevindirəcək xəbərdir. Səhər tezdən işə, işdən sonra da evə tələsən insanlar mənzil başına mümkün qədər tez çatmaq istəyir. “Ekspress” qatarla bağlı bu yenilik də həmin istəyi təmin edəcək.
  

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əhalinin dəmir yollarından daha çox istifadə etməsinin başlıca səbəbi paytaxtın avtomobil yollarındakı tıxaclardır:

- Əsas problem tıxaclardır. Hər gün hansı yollarda tıxac olduğu rəsmi şəkildə açıqlanır. Demək olar əsas hərəkət yollarının, birləşdirici, kəsişən yolların əksəriyyətində hər səhər və axşam, hətta gündüz saatlarında da tıxacdır. Avtomobillər də, sərnişinlər də saatlarla tıxacda qalır. İstər fərdi nəqliyyat vasitəsi olsun, istərsə də ictimai nəqliyyat. Tıxaclar böyük şəhərlərin bəlasıdır. Dəmir yolları isə tıxaclardan kənar olmaq baxımından daha rahat və sərfəli yerüstü nəqliyyat vasitəsidir. Doğrudur, Bakı-Sumqayıt-Bakı qatarının intervalı ilə bağlı narazılıqlar olur, gecikmələr baş verir. Lakin yenə də saatlarla tıxacda qalmaqdansa, dəmir yolu ilə hərəkət daha münasibdir. Dəmir yolu nəqliyyatına maraq da artıb, tələbat da. Bakı-Sumqayıt qatarı da Abşeron dairəvi dəmir yolu xəttinə aiddir. Tıxaclardan bezənlərin dəmir yolu nəqliyyatına üstünlük verməsi də tamamilə normaldır. Bakı-Sumqayıt-Bakı elektrik qatarının artıq başqa heç bir dayanacaqda dayanmadan birbaşa hərəkət etməsiylə bağlı verilən qərar da müsbətdir. Bu, sərnişinlərin daha rahat və tez, gecikmələrsiz mənzil başına çatmasına səbəb olacaq.

  E.Cəfərov qeyd etdi ki, bu məsələdə narahatlıq doğuran məqam elektrik qatarının paytaxtdan Sumqayıta daha erkən saatlarda hərəkət etməsi, Sumqayıtdan qayıdan qatarınsa nisbətən gec hərəkət etməsidir: - Daha yaxşı olardı ki, Sumqayıtdan paytaxta hərəkət edən qatar erkən saatlarda hərəkət etsin. Çünki Sumqayıtdan Bakıya işə gələnlər daha çoxdur, nəinki Bakıya Sumqayıta işə gedənlər. Ümumiyyətlə, bu məsələ tədqiq edilməlidir ki, nə qədər sumqayıtlı paytaxtda təhsil alır, işləyir və paytaxt sakinlərindən Sumqayıtda təhsil alan və ya işləyən nə qədərdir. Elektrik qatarının hərəkət qrafiki də buna uyğunlaşdırılmalıdır.