Qəzaların REAL SƏBƏBİ: Sükan arxasında telefonla oynayanlar...

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarədən verilən xəbərə görə, müraciətdə bildirilib ki, son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyil etmələri səbəbindən baş verir. DYP-nin müraciətində qeyd edilib ki, sükan arxasında ani bir diqqətsizlik isə sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər. Qurum bununla bağlı videoçarx hazırlayıb.

Bu barədə "Sherg.az”a Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki,  insanların yolda robotlaşmasının şahidi olurlar:

 “Problem qabarıq şəkildə özünü göstərir. Bu göstərici durmadan artır. Araşdırmalar zamanı yaxın 15-20 il ərzində dünya üzrə yol nəqliyyat hadisələrinin təhlili zamanı sürət və digər qayda pozuntularından daha çox mobil telefonlardan istifadə zamanı qəzaların baş verdiyi ortaya çıxıb. İşıqforda dayanarkən görürük ki, qarşıdakı maşın yaşıl işıq yanmasına baxmayaraq hərəkət etmir. Səbəb isə sürücünün telefonla məşğul olmasıdır. Yolda hərəkət edərkən maşın sol tərəfdə sürətlənmə zolağında çox asta sürətlə hərəkətdədir. Məcburən sağda üstələmə hərəkəti edərək keçib gedirik, sürücünün əlində telefonla oynadığının şahidi oluruq. Nəqliyyat vasitəsinin idarəetməyin əsas prinsiplərindən biri ondan ibarətdir ki, sürücü hər istiqaməti müşahidə etməlidir. Sürücülər bunlardan birini nəzarətdən qaçırarsa, qəzanın baş verməsi qaçılmazdır".