“Murad Dadaşovun dedikləri təəssüf ki, reallıqlarıdır” - Qulu Məhərrəmli

 “Bizim televiziyaya baxan tamaşaçıların böyük qismi şou həvəskarıdır”

“Ona görə də büdcədən maliyyələşən televiziyaların öhdəsinə daha çox iş düşür. Çünki onların - dövlət tərəfindən maliyyələşən televiziyaların bazar, reklam, reytinq qayğıları yoxdur”


  “İstəməzdim ki, televiziya proqramlarının 90 faizi əyləncə motivli olsun. Bəzən verilişlərə baxanda adam utanır”. Bunu Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda deyib. Bu gün də davam edəcək Musiqi Forumunun ilk günü maraqlı çıxışlar, panellərdə təşkil olunan müzakirələrlə yadda qalıb. 

Ən çox da “Xəzər” Media Mərkəzinin Baş direktoru Murad Dadaşovun açıqlamaları: "Ötən gün bəzi forum iştirakçıları TV proqramlarının ümumi zövqü pozduğunu söylədilər. Biz hamımız deyirik ki, televiziya, televiziya verilişləri və onların istehsal etdiyi məhsullar zövqümüzcə deyil. Onda sual yaranır ki, bu məhsullar kimin zövqü əsasında formalaşıb ərsəyə gətirilir? Telekanalları apteklə müqayisə edə bilərik. Siz aptekə girib dərmandan şikayətlənə bilərsiniz. Amma "bu pisdir" deyə bilməzsiniz. Çünki aptek həmin dərmanı hazırlayan deyil, onu satandır. Siz dərmanın pis olması ilə bağlı aptekə yox, həmin dərmanı istehsal edənə şikayətinizi bildirə bilərsiniz. Biz müqayisə etməyi bacarmalıyıq. Biz sadəcə yayımçıyıq. Bu baxımdan sizin də bizə kömək etməyinizi istəyirik". M.Dadaşov bildirib ki, indi ifaçılar efirə çıxmaq üçün əksər hallarda televiziyadan pul tələb edirlər: "Mən açıq deyirəm ki, əvvəllər ifaçılar efirə çıxmaq istəyəndə ödəniş təklif edirdilər, ancaq indi ifaçılar əksər hallarda bizdən pul tələb edirlər. Biz bilirik ki, telekanal olaraq maarifləndirməliyik. Amma ay sonu "Xəzər TV"nin 600-ə yaxın işçisinə maaş verməliyəm. Başa düşürəm ki, maarifləndirməliyik. Amma tələb olunan, insanların baxmaq istədiyi təəssüf ki, bu deyil. Bəli, deyirəm ki, biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma sizi inandırıram, onlara heç kim baxmayacaq".

 Professor Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, M.Dadaşovun dedikləri təəssüf ki, Azərbaycan televiziyasının reallıqlarıdır: 

- Reallıq da ondan ibarətdir ki, bizim televiziyaya baxan tamaşaçıların böyük qismi şou həvəskarıdır, onlar efirdə cürbəcür ailə-məişət mövzularının müzakirəsinə qoşulmağı sevir, süni yaradılan konfliktlərdə cazibə axtarırlar. Bu cür verilişlərə baxanların sayı çoxdur. Amma gəlin, öyrənək onlar kimdir, onlar cəmiyyətin hansı seqmentini təmsil edirlər, televiziyalar bu verilişləri hansı hədəf auditoriyasına yönəldir. Televiziya üçün birinci növbədə universal auditoriya var. Yəni hamı üçün nəzərdə tutulan verilişlər.  Düzdür, ayrıca proqramlar da hazırlanır, az sayda olsa da.  Qadınlar üçün, uşaqlar üçün, gənclər üçün... Amma şou proqramlar hamı üçün, geniş kütlə üçün, hər kəs üçün nəzərdə tutulur. Və təəssüf ki, televiziyalarda keyfiyyəti aşağı şouların sayı artmaqdadır. Bu, reallıqdır. Özəl televiziyalar yüksək reytinq üçün, reklam uğrunda mübarizə aparır, bu da M.Dadaşovun dediklərinə gətirib çıxarır. Ona görə də büdcədən maliyyələşən televiziyaların öhdəsinə daha çox iş düşür. Çünki onların - dövlət tərəfindən maliyyələşən televiziyaların bazar, reklam, reytinq qayğıları yoxdur. Onlar maarifləndirici, tarixi, elmi verilişlər daha çox hazırlamalıdır. Amma bu o demək deyil ki, özəl televiziyalar maarifçilik işi apara bilməz və ya aparmamalıdır, keyfiyytəli, intellektual verilişlər edə bilməz və ya etməməlidir. Müqayisə ilə götürsək, kəmiyyət etibarilə dövlətdən maliyyələşən  televiziyalardakı verilişlər qədər olmaya bilər. Amma məsələn, B.Britaniyada BBC – də var, amma “3-cü kanal” da var. Onların yanaşmasında, onların Televiziya və Radio Yayım Şurasının əsas tələbi budur ki, bütün telekanallarda – fərqi yoxdur, özəldir, yaxud dövlət televiziyasıdır, maarifləndirici verilişlər, uşaq proqramları, ciddi verilişlər olmalıdır. Bizdə bu ölçülərin pozulması, belə bir tələbin olmaması ciddi fəlakətlərə gətirib çıxarır. Fərhad Bədəlbəyli də çox gözəl ifadə etdi ki, heç kim istəməz ki, verilişlərin 90 faizi şou, əyləncə xarakterli olsun. Şou-proqramlara tələbat var, amma bu proqramlar keyfiyyətli hazırlanmalıdır. Necə ki Murad Dadaşovun özü vaxtilə "Maşın-şou" layihəsində peşəkarlıqla hazırlayırdı, aparıcılıq edirdi və o veriliş maraqla baxılırdı. Televiziyalar “auditoriyanın zövqü aşağıdır”, deyib, əldə bəhanə edib proqramların çeşidini, məzmununu  məhdudlaşdıra bilməz.