Mütləq şəkildə ortaq türk əlifbasını hazırlamalıyıq  - ALİM


Artıq bu məsələdə xarici qüvvələrin, daxildəki narazı kəsimin reaksiyası ciddi bir əhəmiyyət kəsb etməməlidir
“Ümid edək ki, TDT-yə üzv ölkələrin səyi ilə bu məsələ növbəti tədris ilinə qədər öz həllini tapacaq” 


  Türk dövlətlərinin birliyi üçün vahid türk əlifbasının tətbiqi vacibdir.  "TurkicWorld"in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.
Birliyimiz üçün dil və ortaq əlifbanın  önəmli olduğunu vurğulayan  R.T.Ərdoğan əlavə edib ki, bu məsələdə prezidentlərin dəstəyi vacibdir: "Ali Təhsil Şuramız bu istiqamətdə öz təkliflərini TDT katibliyinə məruzə edib. Ümid edirik ki, bu təkliflər yüksək qiymətləndiriləcək”.
Xatırladaq ki, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammiti keçirilib.

  Türkoloq-alim Faiq Ələkbərli isə "Sherg.az"a  açıqlamasında deyib ki,  türk xalqlarının birliyi, Türk Dövlətlər Təşkilatının gələcəyi üçün ən vacib məsələlərdən biri ortaq türk əlifbası və ortaq türk dili məsələsidir: 

 "Əslində, bu məsələnin həlli çox gecikib. Bu lap çoxdan həll edilməli idi. Bu günə qədər ortaq əlifba, ortaq dil istiqamətində razılığa gələ bilməməsi təəssüf doğuran haldır.    Lakin bölgənin müxtəlifliyi və baş verən proseslərin rəngarəngliyi, hərbi-siyasi amillər  ortaq türk dilinin tətbiqinə mane olurdu. Biz "Türkdilli dövlətlər Sammiti" adı altında TDT-yə gəlib çıxmışıq. Bundan sonra atılacaq ən vacib addım isə ortaq türk dili və vahid əlifbanın olmasıdır. Əslində  elə vahid əlifbanın formalaşması öz növbəsində ortaq dilin, paranın formalaşmasına, ortaq türk tarixinin, coğrafiyasının yazılmasına ciddi təkan verəcək. 
Ümid edirəm ki, TDT-yə üzv ölkələrin səyi ilə bu məsələ növbəti tədris ilinə qədər öz həllini tapacaq. 
  Görünən də odur ki, TDT bu prosesdə ciddi mərhələyə yaxınlaşıb. Ərdoğan da Zirvə Toplantısında  prezidentlərə çağırış edərək məsələnin tezləşdirilməsinin vacibliyini qeyd edib. Artıq bu məsələdə xarici qüvvələrin, daxildəki narazı kəsimin reaksiyası ciddi bir əhəmiyyət kəsb etməməlidir. Əgər biz dünyada söz sahibi olan  güclü bir dövlətə və yaxud  hərbi-siyasi  gücə çevrilmək istəyiriksə, mütləq şəkildə ortaq türk əlifbasını hazırlamalıyıq. Yerdə qalan bütün məsələlər öz həllini tapacaq".