İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

31 illik həsrət birdəfəlik bitdi

“Bu günü illərdir gözləyirdik və çox sevincliyik”

Laçın şəhərinin sakinləri öz hisslərini "Şərq"lə bölüşüblər


  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı”nda əksini tapan məşğulluq məsələləri ilə bağlı müzakirə aparılıb.
  Mərkəzdən verilən xəbərə görə, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirak etdiyi görüşdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aktiv işçi qüvvəsi tələb edən sahələr müzakirə olunub. Bu sahələr əsasən dövlət və özəl olmaqla bir neçə istiqamət üzrə təsnifatlandırılıb. Bundan başqa Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2024-cü ildə tikintisi planlaşdırılan obyektlər, köçürülən əhalinin peşə hazırlığı, pilot layihələrin icrası və s. digər əhəmiyyətli məsələlərdən danışılıb.
  Qeyd edək ki, 30 il ərzində erməni işğalında qalan torpaqlarımızı azad etdikdən sonra Azərbaycan dövlətinin  əsas prioriteti işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi, həmin regionlarda yaşayışın mümkünlüyü üçün zəruri addımların atılması və “Böyük Qayıdış”ın təmin edilməsi ilə bağlıdır.
  İndi bütün dünya  illərlə erməni vandalizminə məruz qalan torpaqlarda “Böyük Qayıdış”ı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmində olduğuna şahidlik edir. Azərbaycan işğaldan azad olunmuş torpaqlarında həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə köçəcək insanlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır.
  Yay aylarından başlayaraq əhalisinin qayıdışına start verilən rayonlarımızdan biri də Laçın rayonudur. Xatırladaq ki, bu il mayın 28-də Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etmişdi. Ümumiyyətlə, Laçının bərpası istiqamətində ötən dövr ərzində böyük həcmdə işlər görülüb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir.
  Yeri gəlmişkən, dünən Laçının daha 40 sakini doğma yurduna qayıdıb.
Bununla da, Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.
  Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə köçmüş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
31 illik həsrətləri sona çatan Laçın şəhərinin sakinləri öz hisslərini "Sherg.az"la bölüşüblər.
  Laçın sakini Güladə Tağıyeva deyib ki, 1992-ci il may ayının 18-dən Laçın rayonundan,  öz doğma obasından didərgin edilib: “31 ildir ki, bu günün həsrəti ilə yaşayırdıq. Bu gün həm kədərliyik, həm sevincliyik. Kədərli olmağımızın səbəbi bu torpaqların azad olunmasında çoxsaylı şəhid verməyimizdir. Qarabağımız onların canı-qanı bahasına alınıb. Başda Ali Baş Komandanımız İlham Əliyev və birinci xanımımız Mehriban Əliyeva olmaqla görünən-görünməyən bütün zabitlərimizə, əsgərlərimizə dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu, onların ailəsinin qarşısında baş əyirəm. Ailələrinə, övladlarına can sağlığı arzu edirəm. Bütün qazi və veteranlarımıza təşəkkür edirəm. Çox qürurluyuq. Yaşasın Azərbaycan xalqı!”.
  Digər sakin Sahibə Əliyeva isə 31 ildir ki, Laçından çıxdığı o dəhşətli günləri unuda bilməyib: “Dünyaya göz açdığım, böyüyüb-boya başa çatdığım torpaqlara illər sonra ayaq basacağım üçün çox həyəcanlıyam. Bu günü illərdir gözləyirdik və çox sevincliyik. Doğma yurdumuza oğlum, qızım, nəvələrimlə birgə qayıdıram. Yaşayacağımız evi şəkillərdə görmüşəm. Qaz, işıq, su kimi lazımi şəraitlə  təmin olunub. İllər əvvəl orada müəllimə olaraq fəaliyyət göstərmişəm. Artıq təqaüdə ayrılmışam. Doğma Laçınımda nəvələrimlə birgə xoş günlər keçirib, istirahət etmək istəyirəm”. 
  El-obasına  sevinc hissi ilə qayıdan sakinlərdən biri də İmarət Rüstəmovadır:  “Prezidentimiz İlham Əliyevə bizə bu şəraiti yaratdığı üçün təşəkkür edirəm. Laçında abadlaşdırılma işlərini mütəmadi olaraq izləyirəm. Günü-gündən inkişaf edir. Laçının alındığı xəbərini eşidəndən bu yana bizim yuxumuz yox idi. Həyəcanla 31 ildir həsrətini çəkdiyimiz evimizə qayıdacağımız günü gözləyirdik. İllər öncə 2 qızım və 1 oğlumla torpağımızdan didərgin düşüb gəlmişdik. İndi nəvələrimlə, böyük bir ailəmlə geri qayıdıram”.
  İşğaldan əvvəl Qarıkaha kəndində yaşadıqlarını xatırladan Asim Baxışov isə deyib ki, ömrünün 47 ilini yaşadığı torpağından ayrı düşüb: “İşğaldan azad olunandan bu yana 2 dəfə Laçını ziyarət etmişəm. İndi isə birdəfəlik ildir  el-obama qovuşuram.
  Ali Baş Komandan İlham Əliyevə bizə bu hissləri yaşatdığı üçün dərin təşəkkürümü bildirirəm”. 
Elyanə Əsgərova isə 31 ildən sonra bu anları yaşadığı üçün çox xoşbəxt olduğunu deyib: “Bu günlərin gəlməsi üçün canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm”.
“Doğma yurda qayıtdığım üçün çox sevincliyəm. Nəhayət, uzun illərdən sonra böyüyüb boya-başa çatdığım doğma yerlərə qayıdıram”. Bu sözləri də Laçın rayon sakini Rüstəm Rüstəmov deyib. O deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Zəfər qazandı və işğalda olan torpaqlarımızı azad etdi. R.Rüstəmov Vətən uğrunda canını fəda etmiş şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı diləyib! 
  Millət vəkili Vüqar İskəndərov isə  “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın postmüharibə dövründə gördüyü işlər bütün dünyada əks-səda yaradıb. Onun sözlərinə görə, bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir:

 “Laçın və işğaldan azad olunan digər şəhər sakinlərinin  uzun fasilədən sonra mərhələli şəkildə  öz doğma yurdlarına qayıtması bunu deməyə əsas verir. Belə qısa bir müddətdə bu qədər böyük işlər görmək, hətta bunları öz maliyyə resursları ilə həyata keçirmək indiki məqamda hər dövlətin işi deyil. Bu o deməkdir ki, illərdir Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün siyasət yürüdülüb ki, indi də biz bunun bəhrəsini, nəticəsini görə bilirik.   Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Bununla da, yeni köçən sakinlərin iş məsələsi, təhsil məsələsi də öz həllini tapmış olacaq”.