İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının statusu haqqında saziş imzalayıblar.
APA xəbər verir ki, bu barədə Armenpress məlumat verir.
Sazişi Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ohanesyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıb.
“Biz irəli getməyə və missiyanın ölkədəki mövcudluğunu daha da gücləndirməyə, sərhədin Ermənistan tərəfində sabitliyi və monitorinqi təşviq etməyə və nə baş verdiyini görməyə hazırıq”, - deyə Maraqos bildirib.
Ohanesyan öz növbəsində izah edib ki, status razılaşması müşahidəçilər üçün səhiyyədən tutmuş texniki məsələlərə qədər daha asan şərait yaratmağa şərait yaradacaq.
Hadisəyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, Ermənistan yavaş-yavaş Rusiyadan qopur:
"Bunu həyata keçirmək üçün isə öz təhlükəsizliyini təminat altına almağa çalışır. Ermənistan rəhbərliyi Avropa meyillidir. Avropa yönümlü olduğuna görə də ölkəni birdəfəlik keçmiş Sovet İttifaqından qoparmaq istəyir. Bu Ermənistan dövlətinin öz seçimidir. Azərbaycan və yaxud hansısa digər ölkə buna qarışa bilməz. Amma qonşuların və bağlı olduğu dövlətin maraqlarını nəzərə almadan bir ölkənin belə səhv gedişlər etməsi onun üçün sadəcə əlavə problemlər yarada bilər. Azərbaycan Ermənistanın Avropaya doğru seçiminə qarşı deyil. Çünki Azərbaycan Ermənistanın suveren dövlət olaraq öz yönünü müəyyənləşdirə biləcəyini düşünür. Lakin belə seçimlər bizə qarşı yönəldikdə, əlbəttə, Azərbaycan dövləti biganə qala bilməz".
Analitik onu da vurğulayıb ki, Avropa İttifaqının missiyası Ermənistanda yerləşdirildikdən sonra bağlı olduqları dövlətlərin bəziləri antiazərbaycan ritorikasını gücləndirib:
"Buna görə də biz müvafiq şəkildə onlara cavab vermişik. Yəni, Ermənistan tərəfdaşlıq mərhələsinə keçdiyi ölkələrə başa salmalıdır ki, bu addımlar qonşu dövlətlərin zərərinə olmayacaq. Onlar, bölgəyə yerləşdiklərinə görə Azərbaycan əleyhinə danışmamalı və lazımsız hərəkətlərə yol verməməlidir. Ümumiyyətlə bölgəmizdə sülhü təhlükə altına atmamalıdırlar. Amma təəssüflər olsun ki, Aİ-nin ayrı-ayrı qurumları antiazərbaycan ritorikasından hələ də əl çəkmir. Ona görə də Ermənistan bu müstəqil seçimində Azərbaycanın maraqlarını nəzərə almağa borcludur. Əks təqdirdə Azərbaycan həmin maraqların nəzərə alınması üçün alternativlərini istisna etmir".