Ermənistan hərbçimizə ömürlük həbs verməklə münasibətlərin normallaşdırılmasına əngəl törədir-Şərh 

Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşmüş və sonradan Ermənistan tərəfindən əsir götürüldüyü məlum olmuş hərbi qulluqçumuz Hüseyn Axundov saxta ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan isə Ermənistanın Apellyasiya Məhkəməsinin qərarı ilə hökmə dəyişiklik edildi, bir anda Hüseyn Axundov cinayət məcəlləsinin 7 maddəsi ilə ittiham olundu və ona ömürlük həbs cəzası verildi.

Mövzunu “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Elmir Səftərov bildirib ki,  Ermənistanın bu addımı onu göstərir ki, dövlətin verdiyi qanunlar situativdir və öz maraqlarına görə tənzimlənir, heç bir normativ hüquqi akta əsaslanmır:
“Bu da İrəvan hakimiyyətinin beynəlxalq hüququn norma və prinsiplərini növbəti dəfə pozmasıdır. Eyni zamanda, Ermənistanın bu təxribatyönümlü addımı iki ölkə arasındakı münasibətlərin normallaşması, regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində görülən işlərə də mənfi təsir edir və ermənilərin xəstə təxəyyülünün hüquqi sistemə də hopduğunu göstərir. 
Azərbaycanlılara qarşı münasibəti ilə özünü terror təşkilatı kimi aparan Ermənistan sübut edir ki, ölkə daxilindəki qanunlar heç bir hüquqi dövlətə xas davranış deyil və sülhə töhfə verməkdən kənardır. Azərbaycan və Ermənistan Konstitusiyasına nəzər salsaq, deyə bilərik ki, ölkəmiz beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Ermənistanın konstitusiyasının müvafiq maddəsində isə dövlətin beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etməsi təsbit edilməyib”. 

Siyasi şərhçi Ermənistanda korrupsiya faktlarının genişlənməsinin, siyasi opponentlərə qarşı qərəzli mövqe nümayiş etdirilməsinin ölkədəki hərc-mərcliyin göstəricisi olduğunu vurğulayıb:
“Bütün bunlar isə iqtisadi vəziyyəti daha ağırlaşdırır və xarici siyasətdə asılılığının artmasına səbəb olur. 
Regionda xaraktersiz və dəyişkən siyasəti ilə etibarsız ölkə kimi tanınan Ermənistan bu gün geosiyasi və iqtisadi problemlərlə üzləşib. Hegemon dövlətlər üçün "açıq qapı" olan rəsmi İrəvanın müstəqilliyi də formal xarakter daşıyır. Bir-birinə zidd maraqları olan Rusiya və Qərb dövlətlərindən isə siyasi-iqtisadi asılılığı dərinləşdirməkdədir. Qeyd olunan məsələlər onu deməyə əsas verir ki, Ermənistan hələ də özünün müstəqil və hüquqi dövlət olduğunu anlaya bilmir. Vətən müharibəsinin və cari ilin sentyabrın 19-20-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq, ərazilərimizdə olan terrorçular və onların havadarları həbs olundu. Artıq onlardan birinin- azərbaycanlıların soyqırımında iştirak edən Vaqif Xaçaturyanın məhkəməsi keçirildi və ona 15 il həbs cəzası verildi. Bu günlərdə isə cari ilin avqustun 16-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Voskanyan Qaqik Aşotoviçin məhkəməsi başlayıb. Qarşıda isə Araik Arutunyan və digərlərinin məhkəməsi olacaq. Bütün qeyd olunanlar fonunda Ermənistanın azərbaycanlı əsgərlərə qarşı amansız davranışı gözlənilən hal idi. Çünki rəsmi İrəvan anlayır ki, Azərbaycanın əlində olan terrorçular onun üçün böyük əhəmiyyətə malikdir və məxfi məlumatlara sahibdir. Bu da separatçılarla Ermənistan dövlətinin və onlara dəstək verənlərin əlaqələri barədə məlumatların ölkəmizin əlinə keçməsi deməkdir. Əlindəki bütün dividendləri itirən, ümidi təkcə Qərb dairələrinin Azərbaycana qarşı təzyiqinə qalan Ermənistan günahsız hərbi qulluqçumuza ömürlük həbs cəzası verməklə ölkələrarası münasibətlərin normallaşdırılmasına əngəl törədir və sülh sazişinin imzalanmasını ləngidir”.