Türkiyə zəvvarları ilə bağlı açıqlama verildi

Həcc ziyarətiylə bağlı iddialara aydınlıq gətirildi

Türkiyə-Səudiyyə Ərəbistanı ilə arasındakı futbol krizisindən sonra  Həcc ziyarətiylə bağlı da xəbərlər yayılıb. Sosial mediada yayılan bəzi məlumatlarda sözügedən böhranın Türkiyə zəvvarlarının Həcc ziyarətinə mane olacağı, Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Muhəmməd bin Salmanın türk zəvvarlarının Həcc ziyarəti üçün ölkəyə gəlişinə yasaq qoyması iddiaları yer alıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, sosial mediada yayılan məlumatları Türkiyə Dezinformasiya ilə Mücadilə Mərkəzi təkzib edib. Mərkəz bununla bağlı rəsmi internet səhifəsi üzərindən paylaşım edərək yayılan xəbərin həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb: “Bəzi sosial media hesablarında Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Muhəmməd bin Salmanın Türkiyə vətəndaşlarına Həcc qadağası qoyduğuna dair məlumatlar yayılıb. Bildiririk ki, bu, doğru məlumat deyil, dezinformasiyadır. Nə Türkiyə, nə də Səudiyyə Ərəbistanı hökumətləri bu xəbəri təsdiqləmir. Türkiyə vətəndaşlarına Həcc ziyarəti üçün hər hansı bir qadağa tətbiq edilməyib. Əsassız iddialara etibar etməyin”. 
Qeyd edək ki, bu kimi yanlış məlumat Futbol üzrə Türkiyə kuboku uğrunda “Qalatasaray”-“Fənətbaxça” matçının Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda keçirilməsi məlum səbəblərdən baş tutmadıqdan sonra yayılıb.