Rəis Rəsulzadə ürəyindən keçəni "Şərq"ə açıqladı: İstəyirəm ki, bu yubiley... 

“Çox sağ olsun, cənab Prezident, belə bir sərəncam verdi. Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı da Prezident sərəncam vermişdi. 10 il sonra 140 illiyi ilə bağlı sərəncam imzaladı. Bu sərəncamı xalqımız, ziyalılar, Rəsulzadə irsinin tədiqatçıları – hamımız gözləyirdik. Prezidentə təşəkkür edirəm”. 

Bu sözləri “Şərq”ə açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, “Cümhuriyyət” ordeni ilə təltif edilmiş Rəis Rəsulzadə deyib. Azərbaycan Xalq Cümhuriyyətinin ilk rəisi-cümhuru Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyində nəvəsinin arzuları nədən ibarətdir? Hansı tədbirlərin həyata keçməsini arzulayır? Rəis Rəsulzadə yenə də alicənablıq nümayiş etdirərək səmimi bir şəkildə dövlətin gərəkən işləri görəcəyinə inandığını dedi: 

- Mənim nə arzulamağım, önəmli deyil. Arzular çox ola bilər. Amma baxır, imkana. Dövlətimizin imkanı nəyə çatacaqsa, o da ediləcək. Sərəncam verilib, baxaq, görək nə planlaşdırılır. Nazilrliklərə tapşırıqlar verilib. Tapşırıqlara uyğun işlər görüləcək. Ürəyimdən keçən budu ki, yubiley Rəsulzadəyə layiq olsun. 
Rəis Rəsulzadənin səhhətiylə də maraqlandıq, “Xəstəyəm. Ağır xəstəyəm...” söylədi, əlavə etdi ki, şəkərin, təzyiqin yüksəlməsinin qarşısı alınır, nəzarətdə saxlanılır. 
 
Əlbəttə, könül istər ki Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı ata ocağı ev-muzeyi olaraq bərpa edilsin, önünə xatirə lövhəsi, barelyef vurulsun. Həmçinin M.Ə.Rəsulzadənin Bakıda yaşadığı ev də xatirə muyzeyi olsun, qarşısına lövhə vurulsun. 140 illiyində M.Ə.Rəsulzadə doğma ata ocağında anılsın.